Siyasətşünas alim, yazıçı-publisist, "ARDIC” Hərəkatının təsisçisi, Qərbi Azərbaycan İcmasının üzvü Elşən Nəsibovun "Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında-türk-azərbaycandilli yazılarda”. Kənd həyatından bəhs edən yazılar-1929-1959-cu illərin əhatəsi. I kitab” adlanan əsəri işıq üzü görüb. Əsər arxiv materialları əsasında hazırlanıb.
Belə ki, kitabda 1929-1959-cu illər aralığında Ermənistanda dərc edilən və mərkəzi orqanların nəşrləri olan "Zəngi”, "Qızıl Şəfəq”, "Qommunist” və "Sovet Ermənistanı” qəzetlərinin səhifələrində Arçut kəndi haqqında yazılan məqalələrin məcmusu, antologiyası əks olunub.
Kitab iki bölmədən ibarətdir. Birinci bölmədə toplanmış yazıların mətnləri təqdim edilir. İkinci bölmədə isə məqalələrin əsllərinin surətləri yer alır. Məqalələrdə kəndin XX əsrin birinci yarısını əhatə edən zəngin tarixi əks olunub. Belə ki, təsərrüfat həyatı, elm və təhsili, mədəniyyəti, yaşayış məskəninin yerli və mərkəzi əhəmiyyəti qəzet yazılarında ayrı-ayrı müəlliflərin imzaları ilə təhlil olunub. Yazılar tarixi faktları təqdim etməklə yanaşı, yaşayış sivilizasiyasının əsaslarını da təfərrüatı və təfsilatı ilə əks etdirir.
Qeyd olunan dövrdə dərc edilmiş yazılarda kənd sakinlərinin adları və fəaliyyət əsasları, məşğuliyyət istiqamətləri, yaradıcılıqları öz əksini tapır. Topluda sakinlərin sosial inteqrasiyalarının əsas istiqamətləri yer alır. Kənd sakinlərinin siyasi sistemdə fəal iştiraklarının əsasları qeyd olunur. Bu yazılar onu sübuta yetirir ki, Arçut və ətraf kəndlər, qəsəbələr tarixi türk-azərbaycan məskənləri olub.
Məqalələr öyrənilərək, təhlillərin nəticəsi olaraq tarixi hadisələrin xronologiyası kitabda tərtib olunub.
Kitab Azərbaycan və bölgə tarixini öyrənənlər, Qərbi Azərbaycanın tarixini tədqiq edənlər və Arçut (Ardıc) sakinləri üçün faydalıdır. Eyni zamanda mətbuat tarixini, habelə o dövrdəki mətbuatın mahiyyətini, yazıların üslubunu və ruhunu bilmək istəyənlər üçün də səmərəli ola bilər.
Şərhlər