Xəbər lenti

Almaniya Rusiya hücumuna hazır olmaq üçün silahlanır -
Dünya 22:22 02.11.2025

Almaniya Rusiya hücumuna hazır olmaq üçün silahlanır - "Telegraph"

Rusiya NATO-nun şərq cinahına hücum edəcəyi halda Almaniya bu münaqişədə mərkəzi rol oynayacaq. Ötən il Almaniya silahlanmaya 50 milyard avrodan çox vəsait xərcləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" yazır.

Rusiya təcavüzü fonunda Almaniya hərbi potensialını sürətlə gücləndirir və yenidən ciddi qüvvə kimi çıxış etməyə başlayır. Kansler Fridrix Merzin təşəbbüsü ilə həyata keçirilən hərbi islahatlar çərçivəsində Berlin bu il müdafiə xərclərinə qoyulan bütün maliyyə məhdudiyyətlərini aradan qaldırıb. Məqsəd – Avropanın ən güclü ordusunu yaratmaqdır.

Nəşrin qeyd etdiyinə görə, bu islahat nəticəsində tanklar, artilleriya sistemləri, qırıcı təyyarələr və hərbi gəmilərin yüz milyardlarla funt sterlinq dəyərində alınmasına şərait yaradılıb. Bundesver Vladimir Putinin yaratdığı təhlükəyə qarşı durmaq üçün hazırlanır.

Son bir ildə Almaniya silahlanmaya 50 milyard avro xərcləyib və əlavə 377 milyard avro sərmayə yatırmağı planlaşdırır.

Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun ("Rusi") ekspertlərindən Edvard Arnold bildirib ki, Almaniya Avropanın ən böyük və güclü ordusunu qurmağa çalışır və bu, onun soyuq müharibə dövründəki ənənəvi roluna qayıdışını xatırladır.

"The Telegraph" vurğulayır ki, Rusiya NATO-nun şərq cinahına hücum edərsə, Almaniya əsas hərbi qüvvə kimi çıxış edəcək. Litvada daimi yerləşdirilən alman qüvvələrinə əlavə olaraq, əsas bölmələrin Polşa kimi müttəfiqlərə dəstək məqsədilə köçürülməsi planlaşdırılır.

Arnoldun sözlərinə görə, Almaniya və Polşa, eləcə də ABŞ Avropanın quru qüvvələrinin əsas yükünü daşıyacaq.

Böyük britaniyalı müdafiə məsləhətçisi Nikolas Drammond hesab edir ki, rusların Polşaya hücumu ehtimalı yüksəkdir və Almaniya bu halda hərbi dəstək göstərməli olacaq. Onun fikrincə, Almaniyanın manevr müharibəsi aparmaq bacarığına sahib olması vacibdir: tanklar, piyada bölmələri, artilleriya və aviasiya birgə və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.

Kiel İnstitutunun iqtisadçısı Quntram Volf xatırladıb ki, əvvəllər müdafiə xərclərinin azaldılması nəticəsində Bundesver o qədər zəifləmişdi ki, hərbi texnika sıradan çıxdıqda, ehtiyat hissələri üçün digər avadanlıqlar sökülürdü.

Hazırda Almaniyanın borcunun ÜDM-ə nisbəti 62 faizdir, bu da Böyük Britaniya və Fransada müşahidə edilən 100 faizlik səviyyədən xeyli aşağıdır.

"The Telegraph" qeyd edir ki, Almaniyanın 10 illik istiqrazları üzrə faiz dərəcəsi 2,6 faizdir – bu, Fransadakı 3,4 və Britaniyadakı 4,4 faizlik göstəricilərdən aşağıdır. Bu isə investorların Berlini sabit borcalan kimi görməsinin göstəricisidir.

Avropa İslahatları Mərkəzinin baş iqtisadçısı Sander Tordoir bildirib ki, bu şərait Almaniyaya həm yenidən silahlanmaq, həm də sahibkarlar və işləyən təqaüdçülər üçün vergiləri azaltmaq imkanı verir.

Kiel İnstitutunun ötənilki hesabatında qeyd olunur ki, Rusiya hərbi sənayesi hazırda Almaniyanın 2021-ci il üzrə bütün əsas silah ehtiyatını cəmi yeddi ayda istehsal edə bilər.

Arnoldun sözlərinə görə, Rusiya hələ də Almaniyanı dialoqa açıq tərəf kimi görür. Buna görə də əsas məsələ odur ki, Ukraynada mümkün atəşkəsdən sonra Berlin və NATO ölkələri öz siyasi iradələrini qoruyub saxlaya biləcəklərmi.

"Bu, almanlar üçün növbəti sınaqdır – Rusiya üçün real və inandırıcı çəkindirici qüvvə yaratmaq", deyə Arnold vurğulayıb.

Əlavə olaraq, Almaniya müdafiə naziri Boris Pistorius 2026-cı ildə yeni hərbi xidmət modelinin tətbiqini planlaşdırdıqlarını açıqlayıb. Bu təşəbbüs hələ parlament tərəfindən təsdiqlənməyib və kansler Fridrix Merzin mühafizəkar partiyasından olan bəzi deputatlar tərəfindən də tənqid olunub.

"Financial Times" yazır ki, Almaniya sərhədlərinin qorunması məqsədilə 12 min "kamikadze dron" alacaq. Layihə üzrə iki yerli startap və ölkənin ən iri hərbi podratçısı "Rheinmetall" təxminən 300 milyon avroluq müqavilə payı alacaq. Dronların bir hissəsi Litvada yerləşdirilən alman briqadasına veriləcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->