Mübahisələr hər bir münasibətin, hətta sağlam olanların da bir hissəsidir. Bəzən ən kiçik tənqid və ya xırda bir səhv, gündəlik bir detalı dərhal ittihamlar, qəzəb və qarşılıqlı müdafiə tufanına çevirə bilər.
Qayanrinfo-nun məlumatına görə, "Psychology Today" üçün yazdığı məqalədə "Povikaniye: poisk i slidovaniye nastoyaşçey jizni" kitabının müəllifi Qreq Levoy izah edir ki, bu qarşıdurmalar zamanı sanki şərəfimizi qoruyurmuş kimi reaksiya veririk, amma əslində sadəcə öz zəifliyimizi müdafiə edirik.
Müəllifin sözlərinə görə, çox vaxt "müharibə aparmağımızın" səbəbi güc deyil, zəiflikdir. Amerika yazıçısı Endryu Bard Şmuklerin də qeyd etdiyi kimi, məhz kövrəklik hissi bizi güc və nəzarət nümayiş etdirməyə vadar edir. Bu, həm romantik münasibətlərə, həm də dövlətlərarası əlaqələrə aiddir.
Tənqid edildikdə və ya fikrimiz şübhə altına alındıqda, instinktiv olaraq "vuruş və ya qaçış” rejiminə keçir və aqressiv reaksiya veririk. Çünki qüsurlu görünməkdən qorxuruq. Levoyun sözlərinə görə, bu anlarda biz qarşımızdakı insanla deyil, keçmişimizin ağrısı ilə "müharibə aparırıq":
"Bu bir kölgədir. Bu, keçmişdə yaşadığınız bir xəyanətin, uşaqlıqdan daşıdığınız bir yaranın və nəzarətinizdə olmayan hadisələrə görə hələ də hiss etdiyiniz ədalətsizlik duyğusunun xatirəsidir".
Müəllif hesab edir ki, biz əsil problemi deyil, bizə həmin ağrını xatırladan insana reaksiya veririk. Bundan əlavə, münaqişədən yaranan adrenalinin özü bizə canlılıq, nəzarət və hətta həzz hissi verə bilər. Psixoloq Kerolin Elliot bunu "ekzistensial fetiş" adlandırır – ağrılı, təkrarlanan ssenarilərdə gizli zövq tapmaq.
Güc və nəzarətə olan meylimizin kökündə hakim olmaq istəyi deyil, qədim qorxu – müdafiəsizlik dayanır. İnsanlar bir vaxtlar daha güclü varlıqların ovuna çevrilirdi və bu ilkin kövrəklik xatirəsi hələ də içimizdə yaşayır. Biz güc nümayiş etdirir, mübahisə edirik, amma daxilimizdə təbiət, zaman və naməlum qarşısında gücsüzlük qorxusu var. Çıxış yolu isə qorxularımızı və mübahisə anında əslində nəyi qoruduğumuzu dərk etməklə başlayır:
"İnsan münasibətlərindəki mikro səviyyəli dinamika, makro səviyyədə də eyni cür işləyir. Fərdi və siyasi sahələrdə inancımıza, şərəfimizə və ya kimliyimizə yönələn təhdidlər çoxsaylı müharibələrə səbəb olub. Hər iki sahədə psixoloji həqiqət odur ki, zorakılıq, eqoizm və təkəbbürün arxasında natamamlıq hissi dayanır. Bu hiss bizi güc və aqressiya nümayişi ilə kompensasiya etməyə vadar edir və mübarizəni davam etdirməyə məcbur edir".
Lakin ən kəskin qarşıdurmaların belə dərinliyində şəfa istəyi gizlənir. Biz münaqişələri inadkarlıqdan deyil, şüuraltı şəkildə köhnə yaraları sağaltmaq üçün təkrarlayırıq, deyə Levoy yazır:
"Əgər bir-birimizin aqressiv davranışına baxıb soruşa bilsəydik: "Bu insan nədən qorxur, nəyi qorumağa, nəyi sağaltmağa çalışır?", hər şey dəyişərdi".
Aydın
Şərhlər