Çin sürətlə inkişaf edən kommersiya kosmik sənayesində növbəti mərhələyə qədəm qoyub.
Qaynarinfo xəbər verir ki, ölkənin "Landspace" adlı özəl şirkəti çoxistifadəli "Zhuque-3" raketinin ilk orbit uçuşuna hazırlaşır və artıq bu istiqamətdə böyük bir irəliləyiş əldə edib – raketin ilk sınağı uğurla həyata keçirilib.
"Daily Galaxy" nəşrinin məlumatına görə, "Landspace" 2015-ci ildə yaradılıb. Şirkətin məqsədi kommersiya və dövlət missiyaları üçün etibarlı və iqtisadi cəhətdən səmərəli raketlər istehsal etməkdir.
Şirkətin 2018-ci ildə həyata keçirdiyi ilk "Zhuque-1" orbital uçuş cəhdi uğursuz olmuşdu. Bunun ardından "Landspace" metan və maye oksigenlə işləyən daha müasir "Zhuque-2" raketinin istehsalına keçdi. Bu yanaşma nəticə verdi və 2023-cü ildə "Zhuque-2" uğurla orbitə çıxarıldı. Beləliklə, "Landspace" bu tip yanacaq kombinasiyasından istifadə edərək orbitə çıxan ilk şirkət oldu.
"Zhuque-3" raketi iki mərhələdən ibarətdir və birdəfəlik rejimdə 21 min kiloqram yükü aşağı Yer orbitinə (LEO) daşımaq gücünə malikdir. Raketin əsas üstünlüyü onun çoxistifadəli olmasıdır ki, bu da xərcləri və ekoloji təsirləri əhəmiyyətli dərəcədə azaldır.
Şirkət son günlərdə yanacaq doldurulması üzrə tammiqyaslı sınaqlar və mühərriklərin statik testlərini həyata keçirib. Bu addım raketin uçuşa hazır olmasını təmin etmək məqsədi daşıyır.
"Landspace" nümayəndələrinin sözlərinə görə, növbəti mərhələdə raketin şaquli inteqrasiya sınaqları keçiriləcək, daha sonra aparat texniki zonaya qaytarılaraq texniki baxışdan keçiriləcək. Məqsəd raketin orbitə çıxışı və birinci mərhələnin geri qaytarılması üçün tam hazır vəziyyətə gətirilməsidir.
Orbit sürətləndiricisinin uğurlu enişi Çin üçün əlamətdar hadisə olacaq. "Landspace" raketin birinci mərhələsini "SpaceX" şirkətinin "Falcon 9" modelində olduğu kimi geri qaytarmaq niyyətindədir. Bu, Çin üçün çoxistifadəli raketlər dövrünün başlanğıcı demək olacaq.
"Landspace"in bu istiqamətdəki fəaliyyəti həm də Çinin kommersiya kosmik iqtisadiyyatı qurmaq planları ilə sıx bağlıdır. Layihənin uğuru böyük peyk şəbəkələrinin qurulması və qlobal internet xidmətlərinin təminatı kimi iddialı təşəbbüslər üçün yeni müqavilələrə yol aça bilər.
Çoxistifadəli raketlərin tətbiqi həmçinin Çin kosmik missiyalarında mövcud bəzi logistik çətinlikləri də azalda bilər.
Hazırda istifadə olunan "Czucyuan" kimi daxili kosmodromlarda birdəfəlik raketlərin mərhələləri əvvəlcədən hesablanmış ərazilərə düşür ki, bu da müəyyən risklər yaradır. Çoxistifadəli raketlər isə bu riskləri minimuma endirərək Çinin kosmik buraxılışlarını daha dayanıqlı və səmərəli edə bilər.
Aydın
Şərhlər