"İran heç vaxt hərbi güc məsələsində Rusiyadan asılı olmayıb".
Qaynarinfo xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun sabiq baş komandanı Məhəmməd-Əli Cəfəri "Iran International” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün əksinə, Moskva İranın raket və pilotsuz uçuş aparatlarına ehtiyac duyur.
"İran raket texnologiyaları sahəsində Liviyadan və Şimali Koreyadan yardım alıb, lakin ruslardan deyil”, deyə Cəfəri qeyd edib.
O, İranın inqilabdan sonrakı ilk illərində bəzi sistemlərin tərsinə mühəndislik üsulu ilə yenidən hazırlanmasına və Tripoli ilə Pxenyandan məhdud texniki məlumat mübadiləsinə icazə verildiyini bildirib.
"Ruslar real yardım göstərmədilər. Əksinə, indi onların bizim raketlərimizə və dronlarımıza ehtiyacı var”, deyə İran İnqilab Keşikçiləri Qvardiyasının sabiq komandanı vurğulayıb.
Xatırladılır ki, İran istehsalı olan dronlar Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarında mühüm rol oynayıb, baxmayaraq ki, Tehran Moskvaya belə silahlar verdiyini inkar edir.
Məqalədə qeyd olunub ki, Moskva bu ilin yayında İranla İsrail arasında baş vermiş qısamüddətli müharibə zamanı az və ya heç bir dəstək göstərməyib. Hər iki ölkə təhlükəsizlik sahəsində uzunmüddətli saziş imzalasa da, Rusiyanın ehtiyatlı davranışı onun dəstəyinin məhdudluğunu göstərir.
Cəfərinin fikrincə, Moskvadan fərqli olaraq İranın raket və pilotsuz sistemlərdəki üstünlüyü güc balansının dəyişdiyini nümayiş etdirir.
O, həmçinin Rusiyanın texnologiyalarının İranın imkanlarını üstələdiyi barədə iddiaları rədd edib: "Bizim dəqiqlik və naviqasiya sistemlərində əldə etdiyimiz irəliləyiş Rusiyadan daha üstündür. Çox güman ki, rus raketləri bizim silahlarımızla eyni dəqiqlik səviyyəsinə malik deyil".
Qeyd edək ki, Rusiya demək olar ki, hər gecə Ukraynaya qarşı İran istehsalı "Şahed” dronlarından istifadə edir. "The Wall Street Journal”ın məlumatına görə, bu dronların effektivliyi və aşağı qiyməti səbəbindən ABŞ və onun müttəfiqləri də oxşar pilotsuz sistemlər üzərində işləməyə başlayıblar.
Hərbi ekspertlərin fikrincə, Rusiyanın Ukraynada "Shahed” dronlarından istifadəsi Qərb ölkələri üçün raketlərə daha ucuz və tez istehsal oluna bilən alternativlərə ehtiyac olduğunu göstərir.
Aydın
Şərhlər