Xəbər lenti

Bu il Ağdama köçürüləcək əhalinin sayı açıqlandı
Ölkə 10:39 26.02.2025

Bu il Ağdama köçürüləcək əhalinin sayı açıqlandı

Bu il ərzində Ağdam şəhərinin ətrafında olan 3 kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ümumilikdə biz gələn il nəzərdə tutulan 5 məhəllədən 4-nə köçə start verməklə, Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tuturuq.

"Biz belə planlaşdırırıq ki, gələn ilin, yəni 2026-cı ilin sonuna qədər Dövlət Proqramında nəzərdə tutulmuş bütün layihələr tam icra olunacaqdır. Bu il ərzində Ağdam rayonuna, yəni Ağdamın şəhərin ətrafında olan üç kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhali köçürülməsi nəzərdə tutulur. Ümumilikdə isə biz gələn il nəzərdə tutulan beş məhəllədən dördünə köçə start verməklə, bu işi yekunlaşdırmaqla Ağdam şəhərində 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tuturuq", - o əlavə edib.

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->