Britaniya Kral Donanmasının esminesi, HMS Duncan, ölkənin Şimal dənizi sahillərində Rusiya hərbi gəmisi "Vitse-admiral Kulakov”u izləmək və müşayiət etmək üçün əməliyyat keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Sky News məlumat
yayıb.
Portsmutda bazalaşan HMS Duncan, NATO-nun Dəniz Komandanlığının birbaşa əmri ilə hərəkət edib. Kral Donanmasının nümayəndəsi bildirib ki, bu, Britaniya hərbi dəniz qüvvələrinin belə bir tapşırığı birbaşa NATO rəhbərliyi altında yerinə yetirdiyi ilk haldır. Əməliyyat zamanı əlavə kəşfiyyat və vizual müşahidə üçün Wildcat tipli helikopter də havaya qaldırılıb.
Əməliyyat 17–19 oktyabr tarixlərində Fransa Hərbi Dəniz Qüvvələrinin və Niderland Hərbi Hava Qüvvələrinin NH90 helikopterinin iştirakı ilə həyata keçirilib. HMS Duncan, Rusiyanın "Vitse-admiral Kulakov” adlı sualtı qayıqlara qarşı mübarizə gəmisinin Şimal dənizindən başlayaraq La-Manş boğazı vasitəsilə Uessan adasına (boğazın cənub-qərbində) qədər hərəkətini izləyib.
Britaniya müdafiə nazirinin müavini Alister Karns bildirib ki, "Kral Donanması ölkəni və onun ərazi sularını qorumaq üçün Rusiya Hərbi Dəniz Qüvvələrinin istənilən fəaliyyətinə cavab verməyə hazırdır”.
Esminenin kapitanı Den Li isə qeyd edib ki, bu missiya Britaniyanın "ümumi dəniz məkanlarının təhlükəsizliyinin təminatı üçün NATO müttəfiqləri ilə koordinasiyalı fəaliyyətə sadiqliyini” nümayiş etdirib.
HMS Duncan və HMS Somerset freqatı hazırda NATO-nun SNMG1 adlı Şimali Avropa sularını patrul edən dəniz qrupunun tərkibindədir.
Rusiya hərbi gəmisi "Vitse-admiral Kulakov” 1981-ci ildə istismara verilmiş 1155 layihəli böyük sualtı qayıq əleyhinə esminesdir və hazırda Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal donanmasına daxildir.
Alpər
Şərhlər