(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)
2026-cı ilin dövlət büdcəsindən yalnız Xocavənd rayonuna 847 min manat dotasiya ayrılacaq. Bu isə bu il büdcədən 5 rayona - Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıya ayrılan dotasiyanın kəsilməsi deməkdir.
Hər il büdcədən dotasiya alan regionların sayının azalması, 2026-cı ildə isə yalnız Xocavənd rayonuna dotasiya ayrılması hansı iqtisadi səbəblərlə bağlı ola bilər? Dövlət dotasiyalarının azaldılması - maliyyə müstəqilliyi, yoxsa bölgələrə diqqətin zəifləməsidir?
Qaynarinfo-nun suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dotasiyaların əhatə dairəsinin bu qədər daralması hökumətin regional maliyyə siyasətində yeni mərhələyə keçdiyini göstərir:
"2026-cı il dövlət büdcəsi layihəsinə əsasən, gələn il yalnız Xocavənd rayonuna 847 min manat məbləğində dotasiya ayrılacaq. Halbuki 2025-ci ildə bu siyahıya Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlı rayonları da daxil idi. Dotasiya siyasəti dövlətin sosial-iqtisadi tarazlığı təmin etmək üçün tətbiq etdiyi alətlərdən biridir. Xüsusən, özgəlirli olmayan və vergi bazası zəif olan rayonlar üçün bu vəsaitlər yerli idarəetmənin və sosial layihələrin əsas maliyyə mənbəyi sayılır. 2026-cı ildə yalnız Xocavənd rayonuna vəsait ayrılması onun azad edilmiş ərazilər sırasında olmasından və yenidənqurma prosesinin davam etməsindən irəli gəlir. Digər rayonlarda isə dövlət bərpa mərhələsindən iqtisadi aktivliyə keçidi təşviq etmək istəyir".
"Dotasiya verilən rayonlarının sayının azalmasını həm də regionların maliyyə müstəqilliyi qazanmaq kimi anlamaq olarmı" sualına cavab olaraq Akif Nəsirli bildirib ki, rəsmi arqumentə görə, bu dəyişiklik hökumətin "bölgələrin artıq öz-özünü maliyyələşdirə biləcək səviyyəyə yaxınlaşdığını" göstərmək məqsədi daşıyır. Lakin mövcud iqtisadi göstəricilər bu fikri tam təsdiqləmir:
"Hazırda dövlət büdcəsinin təxminən 90 faizi, həmçinin ixrac gəlirlərinin əksəriyyəti Abşeron yarımadası və onun ətrafında formalaşır. Regionların ÜDM-də payı 10 faizi keçmir. Bu, o deməkdir ki, əgər bölgələr həqiqətən inkişaf etmiş olsaydı, büdcə gəlirlərinin coğrafi balansı çoxdan dəyişmiş olardı. Belə şəraitdə dotasiyanın azaldılması reallıqda iqtisadi müstəqilliyin göstəricisi deyil, sadəcə maliyyələşmə strukturunun dəyişdirilməsi kimi görünür. Rayonlarda fəaliyyət göstərən dövlət orqanları - icra hakimiyyətləri, təhsil və səhiyyə qurumları və vergi xidməti - yenə də mərkəzi büdcə hesabına saxlanılır".
Dotasiyaların sosial və institusional təsirləri haqqında da danışan sədr bildirib ki, dotasiya kəsintiləri kiçik və iqtisadi cəhətdən zəif rayonlarda sosial infrastrukturun saxlanmasını çətinləşdirə bilər:
"Bu, bələdiyyələrin, yerli icra strukturlarının maliyyə dayanıqlığını zəiflədə, xidmətlərin keyfiyyətinə və iş yerlərinə mənfi təsir göstərə bilər. Əgər bu keçid mərhələsi kompensasiya mexanizmləri və investisiya stimulları ilə müşayiət olunmasa, regionlararası fərq daha da dərinləşəcək. Yəni dotasiyanın yalnız bir rayona ayrılması dövlətin büdcə səmərəliliyinə yönəlmiş siyasətinin bir hissəsi olsa da, bu qərar real iqtisadi müstəqilliyin göstəricisi deyil".
Akif Nəsirli son olaraq vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı hələ də mərkəzi investisiyalardan və dövlət proqramlarından asılıdır:
"Əgər gələcək illərdə bu siyasət davam edəcəksə, paralel şəkildə yerli vergi potensialının artırılması, özəl sektorun gücləndirilməsi və infrastrukturun bərabər inkişafı təmin olunmalıdır. Əks halda, dotasiyaların ləğvi yalnız statistik azadlıq, amma real maliyyə boşluğu yaradacaq".
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər