Xəbər lenti

Balığın bahalaşma səbəbi açıqlandı
Ekonomiks 10:45 30.10.2025

Balığın bahalaşma səbəbi açıqlandı

Bakıda mal ətinin bahalaşmasından sonra bir sıra digər ərzaq məhsullarında, eləcə də balığın satış qiymətində artım qeydə alınıb. Belə ki, son günlər balığın kiloqramında orta hesabla 2-3 manat bahalaşma nəzərə çarpır.

Qaynarinfo xəbər verir ki, Modern.az balığa olan tələbatda mövcud bahalaşmayla bağlı "United Fishes” MMC-nin təsisçisi və direktoru, ixtioloq Niyazi Heybətovla əlaqə saxlayıb.

O açıqlamasında bildirib ki, hazırda göl balıqlarında ciddi bahalaşma müşahidə edilmir:

"Uzun illərdir ki bu balıqların qiyməti demək olar ki sabit qalır. Lakin bəzi balıqlar xaricdən idxal olunduğu üçün onların qiymətində artım baş verir. Xaricdən gətirilən balıqların bahalaşmasının əsas səbəbi isə tətbiq olunan 18 faiz vergidir. Məsələn, 5 manatlıq göl balıqları şirkətə satıldıqda vergi ilə birlikdə qiyməti 6 manat 50 qəpiyə qədər yüksəlir. Mağazalar üzərinə əlavə mənfəət qoyduqda isə həmin balıq 7 manat 50 qəpik və ya 8 manata qədər satılır”.

İxtioloqun sözlərinə görə, hazırda ölkəmizə balıq əsasən İran və Rusiyadan gətirilir:

"Xaricdən idxal olunan bu cür balıqlarda qiymət artımı normal sayılır, çünki satıcılar vergi və daşınma xərclərini ödəməli olurlar. Qeyd edim ki, balıqçılıq hələ də kənd təsərrüfatı məhsulu kimi tam qəbul edilmədiyindən, qiymətlərdə fərqlilik özünü büruzə verə bilir”.

O, həmçinin vurğulayıb ki, son illərdə Xəzər dənizində balıq sayının azalması da müşahidə olunur:

"Əvvəllər "Kütüm” balığı çox olurdu, lakin indi yerli sularda az tapıldığı üçün əsasən bu növ balıqlar İrandan gətirilir. Bu səbəbdən "Kütüm" xeyli bahalaşıb. Bazarlarda dəniz balığı adı ilə satılan "Kütüm"lərin əksəriyyəti isə idxal məhsuludur. Xəzərdə "Kütüm" və digər balıq növlərinin sayı azaldığından onların nəsli tükənmə təhlükəsi ilə üz-üzədir. Həmçinin Xəzərdə də istənilən qədər balıq yoxdur və tutmaq da çətinləşib. Məhz bu səbəblə, dəniz balıqlarında qiymət artımı göl balıqlarına nisbətən daha çox nəzərə çarpır”.

N.Heybətov onu da əlavə edib ki, Azərbaycan neft ölkəsi olduğundan Xəzərdə aparılan sualtı neft-qaz işləri balıqlara birbaşa təsir göstərir:

"Yeni quyuların qazılması və platformaların yerləşdirilməsi zamanı yaranan səs-küy nəticəsində balıqlar Azərbaycan sularından təxminən 70 kilometrədək uzaqlaşır. Böyük balıqlar bu səsə daha həssas olur, xırda balıqlara isə təsir nisbətən daha az olur. Bundan əlavə, neft sızmaları zamanı suyun səthində müəyyən bir təbəqə əmələ gəlir, bu da oksigen çatışmazlığına, eləcə də balıqların yaşayış mühitinin daralmasına səbəb olur.

Habelə, Xəzərə tökülən şirin su mənbələrinin azalması da vəziyyəti çətinləşdirir. Ural və Kür çaylarının dənizə axan su həcmi azaldığından bu da Xəzərin ekosisteminə mənfi təsir göstərir və nəticədə balıq qıtlığı yaranır”.

Hazırda balıqların qiymətində növ və mənşəyindən asılı olaraq fərqlər müşahidə olunur:

Xəzər nərə balığı çox nadir tapıldığı üçün 1 kiloqramı 110 manata qədər olur. Qapalı su hövzələrində, yəni süni şəraitdə saxlanılan balıqların qiyməti isə daha münasib olur. Belə balıqların qiyməti növündən asılı olaraq 1 kiloqram üçün təxminən 20-40 manat arasında dəyişir”,- deyə o qeyd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->