ABŞ və Avropa İttifaqının Rusiyaya və onun neft nəhənglərinə qarşı tətbiq etdiyi yeni sanksiyalar hələ ki, Rusiya xam neftinin dəniz yolu ilə ixracına təsir etməyib.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, Hindistan Rusiya neftini üçüncü tərəf vasitəsilə almağa davam edə
bilər.
Qeyd olunur ki, hava şəraiti və Qərb sanksiyalarına baxmayaraq, LSEG və nəşrin mənbələrinin verdiyi məlumata görə, oktyabr ayında Primorsk, Ust-Luq və Novorossiysk kimi qərb limanlarından ixrac təxminən gündə 2,33 milyon barel təşkil edəcək ki, bu da yenilənmiş aylıq ixrac proqramına uyğundur.
Eyni zamanda nəşr bildirir ki, ABŞ sanksiyaları faktiki olaraq 22 noyabrdan qüvvəyə minəcək, çünki ABŞ "Rosneft” və "Lukoyl”la olan əməliyyatları 21 noyabra qədər dayandırmaq müddəti qoyub. Hindistan və Türkiyənin də bu məhdudiyyətlərə riayət edəcəyi gözlənilir. Lakin Baltik limanlarından yola çıxan gəmilər Hindistandakı neft emalı zavodlarına 21 noyabrdan sonra çatmalıdır, çünki səyahət təxminən dörd həftə çəkir. "Reuters”in bir treyderi bildirib: "Primorskdan yüklənən hər şey 21 noyabrdan sonra Hindistana çatacaq”.
Bununla belə, Hindistanın neft emalı zavodları hələlik Rusiya neftinin alınması ilə bağlı qərar verməyib. Hindistanın əsas alıcısı olan "Reliance Industries” şirkəti sanksiyaların neft tədarükü müqavilələrinə təsirini qiymətləndirdiyini açıqlayıb.
"Reuters”in mənbələri gözləyir ki, Rusiya neftinin satışı vasitəçilərə və ticarət şirkətlərinə ötürüləcək, bu isə satıcıların xərclərini artıracaq, amma alıcıları sanksiyalarla bağlı risklərdən qoruya bilər.
Xatırladaq ki, 22 oktyabrda ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu, Rusiya neftinin iki ən böyük şirkəti — "Rosneft” və "Lukoyl”a zərbə vurub.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ilkin qiymətləndirməyə görə, ABŞ-ın yeni sanksiyaları Rusiya neft ixracını 50%-ə qədər azalda bilər.
Yeni məhdudiyyətlərdən sonra Hindistanın neft emalı zavodları Rusiya barelləri üzrə sifarişləri ləğv etməyə başlayıb. Eyni zamanda Çin dövlət neft nəhəngləri də dəniz yolu ilə gətirilən Rusiya neftinin alışını dayandırıb.
Alpər
Şərhlər