Bakıda "Azəriqaz” ASC-nin adından dələduzluq edən şəxsə hökm oxunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Natiq adlı şəxsə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün və ev dustaqlığında olduğu 3 ay müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, Natiq özünü zərərçəkmişlərə "Azəriqaz” ASC-nin əməkdaşı kimi təqdim edərək onların evinə qaz sayğacı quraşdıracağını vəd edib. Bunun müqavilində isə onlardan ümumilikdə 6400 manat pul alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib.
Natiq barədə hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra faktla bağlı cinayət işi başlanıb və o şübhəli şəxs qismində saxlanılıb. Daha sonra isə o təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Həmçinin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məhkəmə zamanı müttəhim özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.
Seyid
Şərhlər