2023-cü ildə Braziliya mübahisəli qərar qəbul edərək özünün yeganə aviadaşıyıcısı "San-Paulu"nu batırıb. Buna səbəb təkcə texniki problemlər deyil, həm də gəminin utilizasiyası ilə bağlı ekoloji risklər olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Slash Gear" yazıb.
Aviadaşıyıcının uzun tarixçəsi var. O, əvvəlcə Fransanın donanması üçün "Foş" adı ilə inşa edilmiş və "Şarl de Qoll" flaqmanı xidmətə girənədək istifadə olunmuşdu. 2000-ci ildə Braziliya gəmiyə 12 milyon dollara sahib çıxaraq ona "San-Paulu" adını verib. Lakin tezliklə gəmi donanma üçün yükə çevrilib. 2004-cü ildə maşın şöbəsində baş verən partlayış, 2012-ci ildə isə genişmiqyaslı yanğın onun istismarını həm çox bahalı, həm də təhlükəli edib. Rəsmi hesablamalara görə, təmir üçün 80 milyon dollardan çox vəsait lazım idi və bu investisiya məqsədəuyğun sayılmayıb.
2019-cu ildə Braziliya gəmini hətta simvolik qiymətə satmağa çalışsa da, alıcı tapılmayıb. Vəziyyəti mürəkkəbləşdirən əsas səbəblərdən biri gəmidəki təhlükəli materiallar, xüsusilə də asbest idi. Bu üzdən Türkiyə gəmiyə utilizasiya üçün icazə vermədi, başqa heç bir liman da onu qəbul etməyib.
Nəticədə hökumət nəzarətli şəkildə batırmaq qərarına gəlib. Gəmi açıq dənizə çıxarılaraq sahildən təxminən 350 kilometr uzaqda, 5 min metr dərinlikdə dəniz dibinə endirilib. Rəsmi açıqlamaya görə, bu addım okeanın çirklənmə riskini minimuma endirmək üçün atılıb.
Lakin ekoloqlar qərarı kəskin tənqid ediblər. "Greenpeace Brazil" təşkilatının nümayəndəsi Leandro Ramos bildirib: "Ekoloji cəhətdən məsuliyyətli tədbirlər görülə bilərdi, lakin okeanların qorunmasına yenə də biganə yanaşıldı".
Beləliklə, hərbi qüdrətin simvolu sayılan "San-Paulu" nə limanlarda, nə də donanmada özünə yer tapa bilməyən bahalı və təhlükəli ballast kimi tarixdə qalıb.
Aydın
Şərhlər