Xəbər lenti

Azərbaycanın Təbrizdəki konsulluğu bağlanacaq?
Siyasət 12:41 17.06.2023

Azərbaycanın Təbrizdəki konsulluğu bağlanacaq?

"Hesab edirəm ki, İranın Azərbaycan vətəndaşlarına münasibəti Bakı tərəfindən belə bir qərarın verilməsində əsas rol oynayıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycanın iyunun 23-dən etibarən öz ərazisindəki hava limanlarında İran vətəndaşları üçün viza rəsmiləşdirilməsini dayandırmasının səbəbindən danışarkən deyib. 

Qulamhüseyn Əlibəyli bildirib ki, bu hal bütövlükdə İranın Azərbaycana münasibətilə bağlı olan məsələdir: "Tehran Azərbaycan səfirliyinə hücum və orada vətəndaşımızın öldürülməsi ilə bağlı aparılan istintaqın gedişi barədə heç bir məlumat, açıqlama vermir. Əksinə, onlar hücum edən şəxsi dəli kimi qələmə verirlər. Əvvəl bildirdilər ki, hücum guya ailə-məişət zəminində olub, daha sonra da hücum edəni dəli adlandıraraq xəstəxanaya salıblar. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, proses tam aşkarlanmalı, səfirliyə hücumu həyata keçirənlər və sifarişçilər aşkarlanaraq, məsuliyyətə cəlb olunmalıdır. Prosesin gedişi göstərir ki, İran Azərbaycanla münasibətləri yumşaltmaq əvəzinə daha da sərtləşdirmək yolunu tutur. Tehranın Ermənistanla isti münasibətlər yaradaraq, Azərbaycana qarşı çıxması, bir çox hallarda vətəndaşlarımızın İranda cəsusluq ittihamı ilə həbsi fonunda Azərbaycan da cənub ölkəsi vətəndaşları üçün viza rejimini sərtləşdirməli olub. Viza rejiminin sərtləşdirilməsi hər bir dövlətin öz səlahiyyətinə aid məsələdir. Vizanın necə, hansı qaydada veriləcəyi və yaxud verilməyəcəyini hər bir dövlət özü müəyyənləşdirir".



Lakin həmsöhbətimiz bildirir ki, yaranmış vəziyyətdə belə Təbrizdəki Azərbaycan konsulluğu fəaliyyətini davam etdirəcək: 

"Yəqin ki, İran da anoloji addım ataraq, Azərbaycan vətəndaşlarına münasibətdə sərtləşdirməyə gedəcək və ora gedən vətəndaşlarımızı yenidən şərləmək yolunu tutacaq. Amma bu fonda Azərbaycanın Təbrizdəki konsulluğu da bağlayacağını düşünmürəm. İndiki halda konsulluğun bağlanmasının gündəmdə olan məsələ olduğunu zənn etmirəm. Bu addımın atılıb-atılmaması münasibətlərin sonrakı inkişafından asılı olacaq”. 

Ekspert yaranmış vəziyyətin İran-Türkiyə savaşına gətirib çıxaracağını da güman etmir: 

"İranla Türkiyə arasında savaşın olacağını gözləmirəm. Təbii ki, Azərbaycanla münasibətlərin gərginləşməsi İranın Türkiyə ilə də münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq. Çünki Türkiyə ilə Azərbaycan müttəfiqdir, bir çox məsələlərdə birgə çıxış edirlər. Amma bütövlükdə İranla Türkiyə arasında savaşın olacağını ehtimal etmirəm”. 

Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi yaydığı məlumatda 23 iyun 2023-cü il tarixdən başlayaraq Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandıracağını bildirib. Məlumata əsasən, Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən "ASAN viza” almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->