"İrəvan sərhəddəki Avropa İttifaqı missiyanın fəaliyyətilə əlaqədar müəyyən dəyişikliklər etsə, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın fəaliyyəti də sürətlənəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın fəaliyyəti bardə danışarkən deyib.
Fərhad Məmmədov bildirib ki, delimitasiya kommisiyası Tovuz-Qazax istiqamətində artıq praktiki addım atıb:
"Nəticədə 12 kilometrlik ərazi delimitasiya və demarkasiya edilib. Eyni zamanda, komissiyaların fəaliyyətini tənzimləyən reqlament qəbul edilib. Yəni komissiyalar işsiz, fəaliyyətsiz deyil. İndi növbəti iclas üçün də gündəlik formalaşır. Ermənistan tərəfindən komissiyanın həmsədri olan bu ölkənin baş nazirinin müavini dünən bildirib ki, bununla bağlı Azərbaycan tərəfilə fikir mübadiləsi aparılır".
Ekspertin fikrincə, intriqa ondan ibarətdir ki, növbəti mərhələdə sərhədin hansı hissələri delimitasiya və demarkasiya olunacaq:
"Düşünürəm ki, bu da ümumi olaraq, Azərbaycan-Ermənistan danışıqlarına, ələlxüsus, Ermənistanda yerləşən Avropa İttifaqının missiyası ilə bağlıdır. İrəvan bu missiyanın fəaliyyətilə bağlı müəyyən dəyişikliklər etsə, sərhədlə bağlı komissiyanın fəaliyyəti də sürətlənəcək".
Qeyd edək ki, bu ilin aprelin 19-da Azərbaycan və Ermənistan tərəfi sərhədin Tovuz istiqamətində sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçiriblər. Nəticədə sərhədin 12 km-lik ərazisi delimitasiya və demarkasiya edilib. Dekimitasiya üzrə komissiyanın həmsədrləri Azərbaycan baş nazirinin müavini Şahin mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın imzaladıqları protokolla Qazaxın 4 kəndi Azərbaycana qaytarılır. Həmin dövrdən bəri isə delimitasiya olunmalı növbəti ərazilər barədə hansısa bir irəliləyiş yoxdur.
Rüfət Sultan
Şərhlər