İsrail, ABŞ və İran arasındakı hərbi qarşıdurma bölgə üçün strateji xəbərdarlığa çevrilib. Bu baxımdan, Azərbaycanın quru sərhədlərin bağlı qalması məsələsi yenidən gündəmə gəlib və artıq bu addımın doğru olduğunu qəbul edənlərin sayı artıb.
İranın cavab zərbələri bölgədə gərginliyin uzun müddət davam edəcəyini göstərir.
Ekspertlər bildirir ki, sərhədlərin bağlı saxlanılması strateji addımdır. Pandemiya dövründə qəbul edilmiş qərarın hələ də qüvvədə qalması onun düşünülmüş və əsaslandırılmış olduğunu göstərir. Hazırda Azərbaycanın həm şimal, həm də cənub qonşularında hərbi qarşıdurmalar davam edir, hava hücumları və dron zərbələri regionda daha ciddi təlatümlər yarada bilər.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Azər Rəşidoğlu vurğulayıb ki, Azərbaycan üçün quru sərhədlərin açılmaması yalnız fiziki maneə deyil, həm də regiondakı gərginliyin idarə olunmasında strateji addımdır:
"Azərbaycanın cənub sərhədi potensial gərginlik və silahlı qrupların hərəkəti baxımından kritik zonadır. Belə bir zamanda sərhədlərin açılması daxili sabitliyi risk altına qoya, miqrasiya və humanitar böhranları artıra, həm də qeyri-sabit aktorların ölkəyə daxil olmasına şərait yarada bilərdi. Azərbaycan öz sərhədlərini nəzarətdə saxlamaq istəyir. Bu addım həm təhlükəsizliyi təmin edir, həm də regiondakı gərginliyin ölkəyə yayılmasının qarşısını alır”.
Azər Rəşidoğlu əlavə edib ki, sərhədlərin qorunması eyni zamanda Bakının ehtiyatlı diplomatik siyasətinin və strateji mövqeyinin əsas göstəricisidir:
"Quru sərhədlərin bağlanması Azərbaycanın strateji və haqlı mövqeyini möhkəmləndirir, regiondakı etnik-siyasi risklərin ölkəyə sirayət etməsinin qarşısını alır və həm qısa, həm də orta müddətdə Azərbaycanın təhlükəsizliyini və regiondakı rolunu gücləndirir”.
Ekspert vurğulayıb ki, əgər İran zəifləsə və Urmiya–Təbriz xətti strateji gərginlik zonasına çevrilsə, Bakı üçün ən ağıllı yanaşma emosional deyil, ehtiyatlı siyasət yürütməkdir:
"Bu gün İranın qərbində muxtariyyətə bənzər təhlükəsiz zona yaradılması müzakirə olunur. Bəzi planlarda kürdlər üsyanı genişləndirmək üçün potensial tərəfdaş kimi nəzərdən keçirilir. Potensial gərginlik və silahlı qrupların sərhədi keçmə riski səbəbindən sərhədlırin bağlı saxlanılması düzgün addımdır. Bu addım ölkənin təhlükəsizliyini və strateji mövqeyini qoruyur”.
Qeyd edək ki, Azərbaycanın İranla quru sərhədlərinin bağlı qalması, əsasən regional təhlükəsizlik, hərbi qarşıdurma riskləri və üçüncü qüvvələrin ölkə ərazisindən İrana qarşı istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır. Rəsmi Bakı Güney Azərbaycan əhalisinin təhlükəsizliyini prioritet sayaraq, müharibə şəraitində qaçqın axını və təhlükəsizlik təhdidlərindən qorunmağı hədəfləyir.
Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç bir üçüncü qüvvənin İrana qarşı plasdarmı olmayacaq.
Qaynarinfo-nun Siyasət şöbəsi
Şərhlər