Planetimizdəki bütün canlı həyat formalarının sonu milyardlarla il sonra baş verəcək, lakin insanlıq üçün təhlükə düşündüyümüzdən daha tez gələ bilər.
Qaynarinfo xəbər verir ki, NASA tədqiqatçıları Yaponiyanın Toho Universitetinin alimləri ilə birlikdə apardıqları yeni araşdırmada superkompüterlərdən istifadə edərək Yer planetində həyatın nə vaxta qədər davam edə biləcəyini modelləşdiriblər.
Araşdırmaya əsasən, planetimizdəki bütün canlı formalarının sonu milyardlarla il sonra baş versə də, insanlıq üçün təhlükə çox daha əvvəl yarana bilər.
Günəşin ömrü
Tədqiqatın nəticələrinə görə, Yer üzərində həyatın sona çatacağı tarix birbaşa Günəşin yaşam dövründən asılıdır.
Günəş qarşıdakı milyardlarla il ərzində böyüyüb daha da isinməyə davam edəcək və nəticədə Yer səthinin temperaturu getdikcə artacaq. Alimlər hesab ediblər ki, planetin səth şəraiti bütün canlılar üçün yaşanmaz hala gələcəyi vaxt təxminən 1.000.002.021-ci il olacaq.
Bu mərhələdə ən davamlı mikroorqanizmlər belə sağ qala bilməyəcəklər.
İnsanlıq üçün təhlükə
İnsan həyatı baxımından vəziyyət daha da kritikdir. Günəşin istiliyinin artması ilə Yer atmosferi ciddi şəkildə dəyişəcək: oksigenin miqdarı azalacaq, havanın keyfiyyəti pisləşəcək və temperatur kəskin şəkildə yüksələcək. Alimlər iqlim dəyişikliyi və Günəş radiasiyası modellərindən istifadə edərək bu təsirləri ətraflı şəkildə araşdırıblar.
Bu dəyişikliklərin ilk əlamətləri artıq hiss olunur. Günəşdəki partlayışlar (koronal kütlə atımları) və Günəş fırtınaları son illərdə artaraq Yerin maqnit sahəsini təsirləndirir. Bu vəziyyət atmosferdəki oksigen səviyyəsini yavaş-yavaş azaldır. Üstəlik, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi bu prosesi daha da sürətləndirir: qlobal istiləşmə artır, qütb buzlaqları əriməkdə davam edir.
Hər nə qədər insanlığın dəqiq "son tarixi” göstərilməsə də, tədqiqatçılar ekoloji şəraitin gözləniləndən çox daha tez yaşanmaz hala gələ biləcəyini vurğulayırlar.
Həll yollarından biri - Kolonizasiya
Yer üzündəki həyat bir anda yox olmayacaq; əksinə, tədricən və geri dönməz bir şəkildə sönəcək. Lakin alimlər bu uzunmüddətli ssenariyə baxmayaraq, insanlığın artıq indidən hazırlıq görməli olduğunu bildirirlər.
Bəzi alimlər qapalı həyat dəstək sistemləri və süni yaşayış mühitləri kimi texnoloji həllər üzərində çalışırlar. Bu sistemlər mümkün qədər uzun müddət ərzində yaşanabilən mühitləri qorumağı hədəfləyir.
Digər tədqiqatçılar isə baxışlarını kosmik kolonizasiyaya yönəldiblər. NASA və SpaceX kimi qurumların rəhbərliyi altında həyata keçirilən Mars missiyaları, Yer yaşanmaz hala gəldikdə insan həyatının davam etdirilməsi üçün mümkün variantlar kimi qiymətləndirilir.
Günay
Şərhlər