İsrailin İranla 12 günlük müharibəsindən sonra yaranan ümumi rəy ondan ibarətdir ki, bu münaqişə yalnız İran İslam Respublikası deyil, həm də onun müttəfiqi olan Rusiya üçün alçaldıcı şəkildə sona çatdı. Çünki Rusiya İrana yardım etmədi və strateji dron təchizatçısını itirdi.
Qaynarinfo xəbər verir ki, bu fikri "Bloomberg” nəşrində yazan analitik Març Çempion
bildirib.
Lakin Çempionun fikrincə, bu yanaşma Kremlin rəhbəri Vladimir Putinin prioritetlərini və onun xarici siyasətdə istifadə etdiyi zaman çərçivələrini düzgün əks etdirmir. O vurğulayır ki, Putinin Yaxın Şərqdə Rusiyanı güc mərkəzi kimi geri qaytarmaq ambisiyaları uğursuzluğa düçar olub.
Çempion qeyd edir: "Suriyada prezident Bəşər Əsədin itirilməsi Rusiyaya ciddi zərbə oldu. İrana – cəmi bir neçə ay əvvəl 20 illik strateji müqavilə imzalanmış tərəfdaşa – yardım etməmək alçaldıcı göründü”. Buna baxmayaraq, o da əlavə edir ki, bu hadisə bir il əvvəl baş versəydi, Rusiyanın Ukrayna müharibəsindəki səylərinə doğrudan da zərər vura bilərdi. İndi isə Rusiya artıq İranın "Şahed” dronlarının öz versiyalarını istehsal edir.
Əsas məsələ isə bu hadisələrin Putinin dünyagörüşünə və prioritetlərinə necə uyğun düşməsidir. Putinin düşüncəsində Ukrayna dövlətinin məhv edilməsi istənilən digər xarici siyasət hədəfindən – o cümlədən Yaxın Şərqdəki maraqlardan – daha yüksəkdə dayanır. Bu baxımdan ABŞ və İsrailin İrana zərbələri Rusiyanın xeyrinə olub.
Çempion yazır ki, Yaxın Şərqdə yeni müharibənin alovlanması dünya ictimaiyyətinin diqqətini, siyasi və hərbi resursları Ukraynadan yayındırdı və bu da Putinə daha geniş hərəkət azadlığı verdi. "Hətta NATO-nun son sammitində əsas nəticə – müdafiə xərclərinin artırılması ilə bağlı öhdəlik – arxa plana keçdi. Heç kim Donald Trampı onun "qalibiyyət turnesi” zamanı qəzəbləndirmək istəmirdi”, – deyə o vurğulayır.
Ekspert qeyd edir ki, İranın raket hücumlarına cavab olaraq İsrail yalnız ABŞ-ın köməyi ilə, özü də HHM ehtiyatlarının əhəmiyyətli hissəsini sərf etməklə hücumların qarşısını ala bildi. ABŞ isə bu prosesə yalnız Yaxın Şərqdəki bazalarının qorunması üçün kifayət qədər "Patriot” batareyalarının olduğuna əmin olduqdan sonra qoşuldu.
"Bu təhlükə hələlik səngisə də, Pentaqon ehtiyatla yanaşmalı və növbəti qarşıdurmaya hazır olmalıdır. Bu da o deməkdir ki, ABŞ daha çox HHM sistemlərinə ehtiyac duyacaq və bu, Ukrayna üçün yardımın azalması ilə nəticələnəcək”, – deyə Çempion yazır.
Tramp isə prezident Volodimir Zelenskinin yeni "Patriot” sistemləri tələbinə cavab olaraq, "görək, nə edə bilərik” deyib və əlavə edib: "Bu "Patriot”lar asanlıqla tapılmır, çünki onlar bizə də lazımdır. Biz onları İsrailə göndərmişdik”.
Çempiona görə, məhz bu cür yanaşmalar Putinin xeyrinə işləyir. Çünki onun siyasi irsini formalaşdıracaq müharibə elə bu – Ukraynadakı müharibədir. Putin üçün Ukraynanın mövcudluğu özü-özlüyündə təhqirdir və onun insan, iqtisadi və hərbi resurslarının "matuşka Rossiya”ya qaytarılması – Rusiyanın çoxqütblü dünya düzənində liderliyini qoruması üçün zəruri hesab olunur. Putin bu düzəni Qərbin hegemonluğuna qarşı qoyur.
Məhz bu səbəbdən, 2013-cü ildə Ukraynanın Avropa İttifaqı ilə ticarət sazişi imzalamaq niyyəti onu bu qədər qəzəbləndirmişdi.
Ekspert yazır ki, əgər Ukraynanın HHM raketləri tükənsə, hələ də böyük miqyas və imkanlara sahib Rusiya aviasiyası ölkə üzərində hava üstünlüyünü ilk dəfə olaraq tam şəkildə ələ keçirəcək. İsrailin İrana qarşı aviasiya əməliyyatlarında cəzasız şəkildə hərəkət etməsi isə Ukraynanın yaxın gələcəyi ilə bağlı xəbərdarlıq kimi çıxış edir:
"Bu, müdafiənin tam çökməsi və qoşunların kütləvi bombardmanlar fonunda təslim olmasına gətirib çıxara bilər”.
Çempionun fikrincə, Tramp heç olmasa özü-özünə etiraf etməlidir ki, bu mərhələdə Putin onu siyasi baxımdan üstələyib. Çünki Putin ABŞ liderinin "sülhə doğru addım atmaq” cəhdindən ustalıqla istifadə etdi – özü isə eyni zamanda maliyyə böhranı kimi yeni daxili problemlərlə üzləşməyə başlayır.
Qeyd edək ki, ABŞ Ukraynaya əsas silah tədarükünü dayandırıb və Tramp administrasiyası diqqəti Çin və Yaxın Şərqdəki təhdidlərə yönəltməli olduğunu bildirib.
Bundan başqa, Almaniyanın kansleri Fridrix Mers bir daha "Taurus” raketlərinin Ukraynaya verilməsi ilə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, bu hələ də mümkün variantdır, lakin həmin raketlərdən istifadə üçün Ukrayna hərbçilərinin ən azı altı aylıq təlimə ehtiyacı olacaq.
Alpər
Şərhlər