Xəbər lenti

2026-cı il dövlət büdcəsinin gəlir və xərcləri artır - İqtisadi səbəb nədir?
Ekonomiks 16:00 20.10.2025

2026-cı il dövlət büdcəsinin gəlir və xərcləri artır - İqtisadi səbəb nədir?

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə müvafiq olaraq 186 milyon manat və 155 milyon manat artırılıb.

Sənədə əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7% çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7%) olacağı gözlənilir.

2026-cı il üçün büdcə gəlir və xərclərinin artırılması hansı iqtisadi səbəblərlə əlaqələndirilə bilər?

Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı ekspert Rauf Qarayev bildirib ki, gəlirlərin artımında əsas rol neft gəlirlərinə məxsusdur. Onun sözlərinə görə, 2025-ci il üçün büdcə proqnozlarında da vurğulanmışdı ki, gəlirlərin bir hissəsi cərimələrin yığılması hesabına formalaşacaq.

Vergi və gömrük rüsumlarının toplanması ilə yanaşı, əmlak məsələləri üzrə qurumların da bu prosesdə payı nəzərdə tutulur. Bundan əlavə, xarici investisiyaların cəlb olunması da gəlirlərin artımına təsir edən əsas istiqamətlərdən biridir.



Xərclərə gəlincə, ekspert qeyd edib ki, layihədə mülki müdafiə xarakterli xərclər yenə üstünlük təşkil edir:

"Baxmayaraq ki, hazırda sülh dövründəyik və hər hansı münaqişə müşahidə edilmir, müdafiə qabiliyyətimizin gücləndirilməsi prioritet olaraq qalır. Bu səbəbdən də, mülki müdafiə ilə bağlı xərclərin artımı əsas istiqamətlərdən biridir".

Rauf Qarayevin sözlərinə görə, artım yalnız müdafiə sahəsində deyil, sosial istiqamətdə də müşahidə olunur:

"İnsanların sosial rifahının yaxşılaşdırılması məqsədilə bu sahəyə ayrılan vəsaitin payı da yüksəlib. Bununla yanaşı, Qarabağda davam edən tikinti-quruculuq işləri üçün vəsaitlərin artırılması gözlənilir. Təhsil, səhiyyə və kənd təsərrüfatı kimi sahələrdə də xərclərin artımı proqnozlaşdırılır".

Ekspert əlavə edib ki, yaxın dövrdə Vergi Məcəlləsinə dəyişikliklər də gözlənilir:

"Bir sıra vergi güzəştlərinin müddəti uzadılmaya bilər. Məsələn, özəl sektorda 8000 manata qədər əməkhaqqı alan şəxslərdən gəlir vergisi tutulmurdu. Bu güzəştin ləğvi ehtimalı var. Belə olan halda büdcə gəlirlərində artım müşahidə oluna bilər. Bununla yanaşı, sahibkarlar da yeni vəziyyətə uyğun addımlar atmalı olacaqlar".

Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->