Dünyada MrBeast adı ilə tanınan Cimmi Donaldson son günlər qurmaq istədiyi yeni biznes layihəsi ilə gündəmdədir.
Qaynarinfo xəbər verir ki, əsl adı Cimmi Donaldson olan MrBeast hazırda dünyanın ən çox izləyicisi olan "YouTuber" hesab olunur. Onun təxminən 445 milyon abunəçisi var.
27 yaşlı Donaldson bu günə qədər pul mükafatlı şou videoları ilə yaratdığı brendini indi insanların maliyyələrini idarə etmələrinə kömək edəcək bir platformaya çevirmək niyyətindədir.
"Insider" nəşrinin xəbərinə görə, yeni ticari marka müraciətinə əsasən, Donaldson öz biznes imperiyasına maliyyə xidmətlərini də əlavə etməyi planlaşdırır.
Müraciətdə "MrBeast Financial" adı qeyd olunur. ABŞ Patent və Marka İdarəsinə 13 oktyabr 2025-ci ildə təqdim edilən sənədlərdə bu markanın "mobil tətbiq və onlayn bankçılıq, maliyyə məsləhətçiliyi, kriptovalyuta birjası və oxşar xidmətləri” əhatə etdiyi bildirilir.
Bu təşəbbüs "MrBeast Financial" brendi altında fəaliyyət göstərəcək.
"Insider"ın məlumatına əsasən, Donaldsonun şirkəti "Beast Industries" ötən il təyin olunan baş direktor Ceffri Hausenboldun rəhbərliyi ilə əməliyyatlarda daha çox maliyyə intizamı tətbiq etməyə çalışır.
Son illərdə Donaldson "YouTube"un hüdudlarından kənara çıxaraq böyük sərmayələrə yönəlib. Onun təşəbbüsləri arasında şokolad brendi "Feastables" və nahar məhsulları markası "Lunchly" də var.
Məlumatlara görə, Donaldsonun təqdim etdiyi investor planlarında aktyor Rayan Reynoldsun "Mint Mobile" layihəsinə bənzər bir məzmun yaradıcılığı platforması və mobil telefon xidməti qurmaq ideyası da yer alıb.
Amerikalı "YouTuber" Cimmi Donaldson 7 may 1998-ci ildə anadan olub. O, 13 yaşında "MrBeast6000" adı ilə video çəkməyə başlayıb. Əvvəlcə digər YouTuber-ların sərvətləri barədə təxminlər irəli sürdüyü və ipucları paylaşdığı videolar hazırlayırdı. "YouTube" videolarının girişlərini ələ salan videolarla məşhurluq qazanıb. 2017-ci ildə "100.000-ə qədər sayıram” adlı videosu viral hal alaraq milyonlarla baxış toplayıb.
Zaman keçdikcə gəlirləri artdıqca videolarının istehsal xərcləri də böyüyüb. Bu gün o, "YouTube"da böyük məbləğli mükafatlar uğrunda yarışların keçirildiyi, yüksək büdcəli videoları ilə tanınır.
"Time" jurnalı onun videolarını "MrBeast videoları elə təsir bağışlayır ki, guya güclü təxəyyülə malik 9 yaşlı bir uşağın milyonlarla dolları olsa, nə edəcəyini sınayır” kimi təsvir edir. Donaldson bahalı avtomobilləri dağıdır, tanımadığı insanlara həyatlarını dəyişəcək miqdarda pul verir, həmçinin gülməli yarışlar təşkil edir.
"Forbes"in məlumatına görə, onun imperiyası rəqəmsal platformaların hüdudlarını aşaraq "Feastables" şirniyyat markası və "MrBeast Burger" fast-fud şəbəkəsi ilə genişlənməkdə davam edir.
İngilis "YouTuber" Stiven Bridces 2024-cü ilin fevralında BBC-yə müsahibəsində MrBeast-in cəlbedici məzmun yaratmaq "bacarığını mükəmməl səviyyədə mənimsədiyini” deyib: "Yəqin ki, dünyada bunu MrBeast qədər yaxşı anlayan başqa bir "YouTuber" yoxdur. Əyləncəli video çəkmək bir şeydir, amma hər saniyənin izləyicini ekrana bağladığından əmin olmaq çox çətindir".
Donaldson qazandığı pulları milyonlarla dollara başa gələn videolarına sərmayə qoyması ilə tanınır. O, bir müsahibəsində qazandığı hər gəliri yenidən işinə yatırdığını bildirib.
Aydın
Şərhlər