Xəbər lenti

Yaponiyanın
Dünya 16:16 20.10.2025

Yaponiyanın "dəmir ledisi" baş nazirliyə doğru: İlk diplomatik imtahanı Trampla olacaq

Yaponiyanın "dəmir ledisi" kimi tanınan Takaiçi Sanae Liberal Demokrat Partiyanın (LDP) liderlik seçkilərini qazanaraq ölkənin ilk qadın baş naziri olmağa hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, 64 yaşlı Takaiçi Yaponiyanı iqtisadi durğunluqdan çıxarmağı və texnoloji rəqabət qabiliyyətini artırmağı hədəfləyir. 

O, həmçinin Yaponiya Konstitusiyasının 9-cu maddəsini dəyişdirərək ölkə ordusunu gücləndirmək istəyir. LDP-nin 70 illik tarixində partiyanın ilk qadın lideri olan Takaiçinin 21 oktyabr tarixli parlament iclasında ölkənin yeni və ilk qadın baş naziri olması gözlənilir. Bu baş versə, onun ilk böyük diplomatik imtahanı Donald Trampın səfəri olacaq.

Hakim partiya liderlik seçkilərini qazanan 64 yaşlı Takaiçinin ölkənin ilk qadın baş naziri olacağı proqnozlaşdırılır. "Dəmir ledi" ləqəbli siyasətçi böyük dövlət xərcləri ilə iqtisadiyyatı canlandırmağı planlaşdırır.

Uzaq Şərq ölkəsi Yaponiyada baş nazir İşiba Şiqerunun keçən ay istefa edəcəyini elan etməsindən sonra yeni baş naziri müəyyən etmək hazırlığı davam edir.

"Kyodo" agentliyi dünən hakim LDP və Yaponiya Yenilik Partiyasının koalisiya hökuməti qurmaqda razılığa gəldiyini və ölkənin ilk qadın baş naziri üçün zəmin hazırlandığını bildirib. Hakimiyyət və müxalifət partiyaları 21 oktyabrda keçiriləcək parlament iclasında yeni baş naziri seçəcək.

Bu ay ərzində LDP-nin liderlik seçkilərini qazanan Takaiçi Sanaenin yeni baş nazir olması gözlənilir.

Nara prefekturasının Yamatokoriyama şəhərində 1961-ci ildə anadan olan Takaiçinin atası bir emalatxanada işçi, anası isə prefektura polis məntəqəsində məmur olub. Kobe Universitetinin Biznes Fakültəsini 1984-cü ildə bitirən Takaiçi 1987-ci ildə bir ABŞ konqresmeninin ofisində işləyib.

1989-cu ildə Matsushita Hökumət və İdarəetmə İnstitutunu bitirən Takaiçi, "Asahi TV" və "Fuji TV" daxil olmaqla bəzi kanallarda proqram aparıcısı kimi çalışıb."Panasonic"in qurucusu Matsuşita Konosuke ilə görüşmək fürsəti əldə edən Takaiçi Yapon sənayeçidən aldığı ilhamla siyasətə atılmaq qərarına gəlib. 1993-cü ildə siyasətə qədəm qoyan Takaiçi həmin il müstəqil qatıldığı ilk seçkilərdə Nümayəndələr Palatasına seçilib və daha sonra LDP-yə qatılıb.

Takaiçi ilk Abe Şinzo kabinetində Okinava və Şimal Ərazilərindən Cavabdeh Dövlət naziri və Elm və Texnologiya n aziri vəzifələrini tutub. 2014-2017 və 2019-2020-ci illərdə Daxili İşlər və Kommunikasiya naziri olan Takaiçi iki dövr LDP Siyasət Tədqiqatları Şurasının Sədri vəzifəsinə gəlib.

Kişida Fumio kabinetində İqtisadi Təhlükəsizlik naziri vəzifəsini tutan Takaiçi 30 ili aşan siyasi karyerasında 10 dəfə parlamentə seçilib. O, iqtisadi artım və şirkət mənfəəti üçün əsas iqtisadi təkanverici qüvvələr kimi genişlənən hökumət büdcələrini və "boş pul siyasəti"ni müdafiə edir.

Takaiçi öz siyasətini "məsuliyyətli genişlənən maliyyə siyasəti" kimi tərifləyərək, məqsədinin ictimai-özəl investisiyalarla sosial problemlərə həll tapmaq, texnologiyanı inkişaf etdirmək, məşğulluğu artırmaq və təbii vergi gəlir artımı ilə borc nisbətini aşağı salmaq olduğunu ifadə edir.

Təhlilçilər Takaiçinin maliyyə genişlənməsi tərəfdarı və zəif valyuta müdafiəçisi olduğunu qeyd edərək, bunun Yaponiya birjasını daha da dəstəkləməsini gözləyirlər.

Takaiçi, partiyası LDP-in mühafizəkar qanadının nümayəndəsi kimi qəbul edilir.

"Abenomiks" maliyyə siyasətlərinin dəstəkçisi olan Takaiçinin, tərəfdarlarının "Sanae-nomiks" adlandırdığı iqtisadi planı həyata keçirməsi gözlənilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->