Xəbər lenti

2 min 700 illik məzarın söylədikləri: Midas əfsanəsi Anadoluda canlandı
Dünya 23:05 12.01.2026

2 min 700 illik məzarın söylədikləri: Midas əfsanəsi Anadoluda canlandı

Anadolunun keçmişinə işıq tutan yeni bir kəşf toxunduğu hər şeyi qızıla çevirdiyinə inanılan əfsanəvi Kral Midasın hakimiyyətdə olduğu dövrə dair həyəcanverici detalları üzə çıxarıb. 

Qaynarinfo xəbər verir ki, Biləcik vilayətinin Bozüyük rayonunda yerləşən Karaağaç tumulunda aparılan qazıntılar, Frigiya krallığının yalnız paytaxt Qordiondan idarə olunan mərkəzləşmiş bir quruluş olmadığını, siyasi gücün Anadolunun daxili bölgələrinə qədər yayıldığını sübut edir.

E.ə. VIII əsrə aid edilən monumental məzar bu kəşfin əsas mərkəzində dayanır. Məzar paytaxt Qordiondan təxminən 160 kilometr uzaqlıqda yerləşir. Arxeoloq Hüseyn Erpehlivanın təhlillərinə görə, məzarın içindəki taxta otaq memarlığı və aşkar edilən zəngin tapıntılar burada adi bir şəxsin dəfn olunmadığını açıq şəkildə göstərir. Məzarın mərkəzdən uzaq mövqeyi Frigiya siyasi sisteminin təkcə paytaxta bağlı olmadığını, hakimiyyətin müxtəlif bölgələr arasında paylandığını ortaya qoyur.

Mütəxəssislər məzarda dəfn edilən şəxsin ya kral ailəsinin üzvü, ya da Midasla birbaşa əlaqəsi olan, bölgə valisi kimi yüksək rütbəli bir aristokrat olduğunu ehtimal edirlər. Məzarın içinə qoyulmuş nümayişkaranə hədiyyələr isə həmin dövrdə mövcud olan "kral hədiyyələşməsi” ənənəsinin bir hissəsi kimi qiymətləndirilir.

Qordiondan kənarda ilk dəfə rast gəlinən "situla" qabları

Qazıntılar zamanı tapılan əsərlər arasında ən çox diqqət çəkəni səhnələrlə bəzədilmiş, "situla" adlanan bürünc qablar olub. İndiyədək bu xüsusi qabların yeganə nümunəsi Qordiondakı məşhur "Midas məzarı"nda (Midasın atası Qordiasa aid olduğu güman edilən tumulda) aşkar edilmişdi. Karaağaç tumulunda da bu qabların tapılması, məzar sahibinin kral protokolundakı mövqeyini təsdiqləyir. Bundan əlavə, məzardan çıxan keramika qablarından birinin üzərində bir Frigiya adının yazılması dövrün sosial quruluşu barədə mühüm ipucu verir.

Tumulun quruluşu araşdırıldıqda, təbii bir təpə üzərində inşa edilən məzarın təxminən 8 metr hündürlüyündə və 60 metr diametrində olduğu məlum olur. Lakin bu ərazini unikal edən təkcə Frigiya dövrü deyil. Qazıntılar zamanı aşkar edilən insan sümükləri bu sahənin üç min il ərzində müxtəlif dövrlərdə qəbiristanlıq kimi istifadə edildiyini sübut edir. Frigiya məzarı tikilməzdən əvvəl mövcud olan skeletlərlə yanaşı, tumul inşa edildikdən sonrakı dövrlərə aid dəfnlər də eyni ərazidə üzə çıxıb.

Əfsanə ilə reallıq arasındakı incə xətt

Bu gün Midası daha çox hərisliyinə uduzan və hər şeyi qızıla çevirən nağılvari bir obraz kimi tanısaq da, tarixi mənbələr onun real və son dərəcə varlı bir kral olduğunu təsdiqləyir. Antik Yunan müəlliflərinin heyranlıqla bəhs etdiyi bu zənginlik məzarlardan çıxan incə işlənmiş mebellər, metal əşyalar və tekstil məmulatları ilə konkret şəkildə özünü göstərir.

Bozüyükdəki bu yeni kəşf Frigiyanın həmin dövrdəki ehtişamının yalnız paytaxtla məhdudlaşmadığını, krallığın sərhədləri daxilində geniş nüfuz sahəsi formalaşdırdığını göstərməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Aydın

--> -->