Niderlandda aparılan əkizlər üzərindəki yeni bir araşdırma göstərib ki, sosial media istifadəsi ruh sağlamlığımıza düşündüyümüz qədər zərər vermir.
Qaynarinfo xəbər verir ki, tədqiqatçılara görə, sosial mediadan istifadə ilə aşağı həyat məmnuniyyəti arasındakı əlaqə olduqca zəifdir və bu fərqin mühüm hissəsi genetik amillərlə izah olunur.
Genlər sosial medianın təsirini müəyyənləşdirir
Maks Plank Psixolinqvistika İnstitutundan tədqiqatçı Selim Sametoğlunun rəhbərliyi ilə aparılan bu araşdırma, sosial medianın insan psixologiyasına təsiri barədə geniş yayılmış "yaxşı” və ya "pis” kimi birmənalı fikirləri sorğulayıb. Sametoğlu bildirib: "Araşdırmamız göstərir ki, sosial medianın hər kəsə eyni şəkildə təsir etdiyini düşünmək doğru deyil. Bu təsirlər çox məhduddur və fərdi genetik fərqliliklərdən ciddi şəkildə asılıdır".
Niyə əkizlər üzərində tədqiqat aparılır?
Alimlər, əkizlərin genetik cəhətdən böyük ölçüdə oxşar olması sayəsində doğuşdan gələn xüsusiyyətlərlə ətraf mühitin təsirlərini bir-birindən ayırma imkanı qazanırlar. Niderland Əkiz Qeydiyyatı Sistemi məlumatları əsasında aparılan bu yeni araşdırmada 6 mindən çox eyni və qeyri-eyni əkiz öyrənilib.
İştirakçılara sosial mediadan istifadə tezliyi (məsələn, "Facebook” və "Snapchat” kimi platformalarda nə qədər vaxt keçirdikləri) və psixoloji vəziyyətləri barədə suallar verilib. Nəticələr göstərib ki, sosial mediadan daha çox istifadə edən şəxslər bir qədər aşağı əhval qeyd edib, lakin bu fərqin əsasən genetik meyillərlə bağlı olduğu müəyyənləşib.
Tədqiqatçılar sosial media istifadəsindəki fərqlərin təxminən 72 faizinin genetik səbəblərdən qaynaqlandığını bildirir.
İstifadə tərzi əhvalı müəyyən edir
Maraqlı məqam ondan ibarətdir ki, psixoloji baxımdan daha yaxşı vəziyyətdə olan şəxslər sosial medianı daha çox müxtəlif platformalarda və fərqli formalarda istifadə edir. Özünü daha pis hiss edən şəxslər isə az sayda platformada, lakin daha intensiv şəkildə paylaşım edirlər.
Ümumilikdə sosial media istifadəsi ilə ruh sağlamlığı arasında əlaqə zəif olsa da, tədqiqat bəzi iştirakçılarda yüksək istifadənin "həyatda daha çox mənalı və enerjili hisslərlə” əlaqəli ola biləcəyini də göstərib.
Bu nəticələr "Behavior Genetics” jurnalında dərc edilib.
"Sosial media zəhərlidir” fikri həddən artıq sadə yanaşmadır
Araşdırma qrupuna görə, sosial medianı ümumi şəkildə "zərərli” kimi qiymətləndirmək məsələni çox sadələşdirir. Sametoğlunun sözlərinə görə, əsl vacib olan fərdi həyat təcrübələri, yaşayış şəraiti və genetik meyillərdir:
"Manşetlərdəki "sosial media toksikdir" tipli ümumiləşdirmələr bizi çaşdıra bilər. Hər bir insanın fərqli şəraiti və ehtiyacı var. Sosial medianı günahlandırmaq əvəzinə, fərdi xüsusiyyətləri və dəstək mexanizmlərini anlamağa diqqət yetirməliyik".
Ölçülü istifadə hələ də ən sağlam seçimdir
Araşdırma sosial medianın təsirini tamamilə zərərsiz göstərmir, lakin onu təkbaşına "günahkar” elan etməyin də doğru olmadığını vurğulayır. Digər vərdişlərdə olduğu kimi, burada da balansı qorumaq ən sağlam yoldur. Vaxtaşırı ekran qarşısından uzaqlaşmaq və "doom-scrolling” adlanan sonsuz mənfi məzmun axınını dayandırmaq hələ də ən yaxşı yanaşmadır.
Aydın
Şərhlər