Xəbər lenti

Dünya 22:38 27.10.2025

"Möcüzəvi dərman"ın arxasında gizlənən böyük vəhşilik - 7,8 milyardlıq bazar

Ənənəvi Çin təbabətində 2 min ildən artıq müddətdir yaşlanmanın qarşısını aldığı və müxtəlif xəstəliklərə şəfa verdiyi iddia edilən "möcüzəvi müalicə"yə olan qlobal tələbat Afrikadakı eşşək populyasiyaları üçün böyük bir fəlakətə çevrilib. 

Qaynarinfo xəbər verir ki, xeyriyyə təşkilatı "Brooke”un son hesabatına görə, jelatinəbənzər "ejiao” adlı maddənin istehsalı üçün hər il altı milyondan çox eşşək amansız şəkildə öldürülür. "Ejiao” eşşək dərilərinin qaynadılması ilə əldə olunur.

Çinin sürətlə artan orta təbəqəsi sayəsində "ejiao” bazarı 2013-cü ildə 3,2 milyard dollardan 2021-ci ildə 7,8 milyard dollara yüksəlib. Artan bu tələbat xüsusilə Afrikada qanunsuz eşşək dərisi ticarətinin sürətlə genişlənməsinə səbəb olub. "Brooke”un əməkdaşları bildirirlər ki, eşşəklər fermalardan oğurlanır, taqətdən düşənə qədər yürüdülür, daha sonra isə dəyənəklərlə döyülərək amansızlıqla öldürülür. Dəriləri soyulduqdan sonra Çinədək göndərilir və "ejiao” istehsalında istifadə olunur, məhsul isə qlobal platformalarda qanuni şəkildə satılır.

"Brooke” təşkilatının apardığı araşdırmalar göstərir ki, bu ticarət Afrikadakı eşşəklərin məhv olma təhlükəsini gücləndirir. Təşkilatın Şərqi Afrika direktoru doktor Rafael Kinoti bildirib: "Eşşək dərisi ticarəti bütün bir növ üçün ekzistensial təhdiddir və dərhal dayandırılmalıdır".

Afrika İttifaqı 2024-cü ildə eşşəklərin dərisi üçün kəsilməsini qadağan etsə də, qanunsuz ticarət davam edir. Botsvanada eşşək populyasiyası cəmi on il ərzində təxminən 70 faiz azalıb. "Brooke” xəbərdarlıq edir ki, qadağa effektiv şəkildə tətbiq olunmasa, Afrikada eşşəklərin sayı növbəti 15 il ərzində 27 milyondan 14 milyona enəcək.

Bu vəhşilik təkcə heyvan rifahı problemi deyil, həm də kənd icmalarının dolanışıq mənbələrini məhv edir. Eşşəklər ucqar bölgələrdə uzun məsafələrdə yük və su daşımaqda mühüm rol oynayır. Onlar oğurlandıqda və ya öldürüldükdə, bu ağır iş yükü evdəki qadınların və uşaqların üzərinə düşür.

Eşşəyini itirən ailələrdə uşaqlar məktəbə gedə bilmir, qadınlar isə qazanc gətirən iş tapmaq imkanını itirir. "Brooke”un baş direktoru Kris Veynraytın sözlərinə görə, bu, dövrümüzün ən ciddi heyvan rifahı və sosial-iqtisadi təhdidlərindən biridir və təcili şəkildə qlobal miqyasda qadağa tətbiq olunmalıdır.

Bundan əlavə, "ejiao”ya olan tələbat kritik dərəcədə təhlükə altında olan Afrika vəhşi eşşəklərinin də qaçaqçılığa qurban getməsinə səbəb olur. Canlı heyvanların insanlığa zidd şəraitdə beynəlxalq sərhədlərdən daşınması at qripi, Afrika at taunu və ensefaloz kimi zoonoz xəstəliklərin yayılma riskini artırır.

Qanunsuz ticarətin bir iştirakçısı "Brooke”a verdiyi açıqlamada bildirib ki, heyvanlar boğazları kəsilməzdən əvvəl baltalarla vurularaq huşsuz vəziyyətə salınır. Bu ifadə baş verən vəhşiliyin miqyasını aydın şəkildə göstərir. Bu sakit təbiətli heyvanlar yeməksiz, susuz və istirahətsiz uzun məsafələr qət edir, sonda isə amansızcasına öldürülürlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->