Vərəsə, miras haqqında qanuna dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanunda vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qayda öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.
Təklif edilən dəyişikliyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün yuxarıdakı müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə biləcək.
Qanun dəyişikliyi vərəsəçilərə nə vəd edir?
Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya qanuna edilən dəyişikliyin əsas səbəbini açıqlayıb:
"SSRİ vaxtından Azərbaycanda 2023-cü ilədək miras hüququnun qaydası belə idi: şəxs vəfat etdikdən sonra onun vərəsələri 3 ay ərzində mirası qəbul etmək barədə notariusa müraciət etməli idilər. Əgər müəyyən üzrlü səbəblər varsa, bu müddət 3 aya qədər uzadıla bilərdi. Yəni, 3 ay ərzində müraciət etmədinsə, məsələ bitmiş hesab olunurdu. Bəzən heç kəs müraciət etməyəndə sonradan bu müddəti məhkəmə qaydasında uzadırdılar. Qayda belə idi ki, vərəsələr müəyyən vaxt ərzində müraciət etməlidir. Həmişə bu müddətin qısa olması müzakirə edilib. Dünyada vərəsəlik, miras hüququna dair iki model var. Biri, vərəsəyə müəyyən zaman verilir ki, vərəsəlik hüququnun tanınması üçün məhkəməyə müraciət edə bilsin. Digər model, o, indi-indi Azərbaycanda tətbiq ediləcək, əksinədir. Müəyyən müddət ərzində vərəsə imtina edə bilər. İmtina etmədisə, qəbul etmiş hesab edilir. Bax, model budur".
Əkrəm Həsənovun sözlərinə görə, 2023-cü ilin sonunda Konstitusiya Məhkəməsi özbaşına bir qərar qəbul edib ki, ümumiyyətlə, Azərbaycandakı mövcud olan model qanunsuzdur:
"Guya konstitusiyaya ziddir. Dedilər ki, 3 aylıq müddət düz deyil, imtina modelinə keçilməlidir. Konstitusiya Məhkəməsi kobud şəkildə səlahiyyətlərini aşdı, bir növ qanunverici səlahiyyətləri üzərinə götürdu. Halbuki bu səlahiyyət parlamentdədir. O, qanunları qəbul edir, Prezident də təsdiq edir. Bizim qanunvericilik belə etmişdi, amma Konstitusiya Məhkəməsi özbaşına sistemi sındırdı. Konstitusiya Məhkəməsinin qərarlarını dəyişmək olmaz".
Əkrəm Həsənov əlavə edib ki, indi Konstitusiya Məhkəməsinin dediyini qanuna daxil edirlər:
"İndi model dəyişir. Burada əsas məsələlərdən biri ölən şəxsin borclarıdır. Düzdür, qanun bu baxımdan dəyişmədi. Onsuz da hər bir vərəsə miras qoyanın ona verdiyi əmlak həddində onun borclarına görə cavabdehdir. Yəni, indi qayda belə olacaq, şəxs öldü, 3 ay ərzində qanuni vərəsələr, yaxud da vəsiyyətnamə üzrə vərəsələr notariusa müraciət edib imtina edə bilər. İmtina etmədinsə, artıq vərəsəsən. Onun borcu varsa, sənə çatan əmlakdan onun borcunu ödəməlisən".
Əkrəm Həsənov hesab edir ki, bu qayda Azərbaycan üçün uyğun deyil:
"Əvvəlki qayda daha məqbul idi, sadəcə 3 aylıq müddət az idi, onu uzatmaq olardı. Bir, yaxud da 3 il də etmək olardı. İndi xeyli problemlər yaranacaq, notariuslarınişi ağırlaşacaq. Notarius siyahıya almadan başqa müəyyən etməlidir ki, ölən şəxsin vərəsələri kimdir? Bəlkə ölənin bilinməyən vərəsələri də var. Məsələn, qeyri-rəsmi övladları da ola bilər. Bu da əmlakın müəyyən hissələrə bölünməsində çətinliklər yaradacaq".
Bahar Rüstəmli
Şərhlər