Xəbər lenti

Vens Mayamidə danışıqlarda irəliləyiş olduğunu dedi: Kreml gözlənilməz cavab verdi
Dünya 16:31 23.12.2025

Vens Mayamidə danışıqlarda irəliləyiş olduğunu dedi: Kreml gözlənilməz cavab verdi

Ukraynada müharibənin nizamlanması ilə bağlı Mayamidə aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Kremli sözçüsü Dmitri Peskov Rusiya mediasına açıqlamasında bildirib.

"Bu, işçi prosesdir. Biz dəfələrlə demişik ki, əvvəlcə kifayət qədər dəqiq və diqqətli işçi proses aparılmalıdır – ekspertlər səviyyəsində”, – deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya üçün hazırda əsas məsələ ABŞ-nin avropalılar və Ukrayna ilə apardığı danışıqların detalları barədə məlumat almaq və bunların "Ankoric ruhuna” nə dərəcədə uyğun gəldiyini yoxlamaqdır. Burada söhbət avqust ayında Alyaskada keçirilmiş Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşündən gedir.

Xatırladaq ki, bir gün əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukrayna üzrə sülh danışıqlarında müəyyən irəliləyiş olduğunu bəyan etmişdi. Bununla belə, o, hələlik sülhün mümkün olub-olmadığını dəqiq deməyin çətin olduğunu əlavə etmişdi.

Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski Mayamidə Ukrayna nümayəndə heyətinin işi ilə bağlı ilkin nəticələri açıqlayıb. Onun sözlərinə görə, ABŞ nümayəndələri ilə müharibənin dayandırılmasına dair bir neçə sənəd layihəsi razılaşdırılıb.

Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə keçirilən danışıqları şərh edərkən bildirib ki, ABŞ–Ukrayna formatında keçirilən ayrıca görüş zamanı 20 maddəlik planın daha da işlənməsi, xüsusilə ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri üzrə mövqelərin uzlaşdırılması, eləcə də iqtisadi inkişaf və rifah planının təkmilləşdirilməsi müzakirə olunub.

Alpər

Sorğu

--> -->