Xəbər lenti

Vaqif Xaçaturyanın vəziyyəti açıqlandı
Ölkə 17:51 23.12.2025

Vaqif Xaçaturyanın vəziyyəti açıqlandı

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyanın vəziyyəti açıqlanıb.

Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri, TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Qasımov APA-ya deyib ki, 70 yaşlı kişi xəstə 23 dekabr 2025-ci il tarixində gecə saat 00:30-da Yeni Klinikanın Reanimasiya şöbəsinə ciddi dərəcədə ağır aortal stenoz, orta dərəcəli mitral stenoz və xroniki ürək çatışmazlığının dekompensasiyası fonunda inkişaf etmiş ağciyər ödemi və ağır tənəffüs çatışmazlığı diaqnozu ilə kritik vəziyyətdə qəbul olunub.

Emil Qasımov bildirib ki, Reanimasiya şöbəsində aparılan müalicə tədbirləri, o cümlədən dərman müalicəsi, maye balansının tənzimlənməsi və qeyri-invaziv süni tənəffüs dəstəyi nəticəsində müsbət dinamika müşahidə olunub.

"Hazırda xəstə kritik həyati təhlükə mərhələsindən çıxmış hesab olunur, lakin vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir. Reanimasiya şöbəsində intensiv nəzarət altında müalicəsi davam etdirilir”, – o qeyd edib.

Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilərək 7 noyabr 2023-cü il tarixində 15 il müddətinə azadlıqdan məhrum olunub.

Sorğu

--> -->