Xəbər lenti

Dünya 13:27 23.12.2025

"Bild": Moskvada generalın öldürülməsi Ukraynanın Rusiyaya göndərdiyi siqnaldır

Moskvada baş verən avtomobil partlayışı nəticəsində general Fanil Sarvarovun həlak olması məqsədli sui-qəsdin bütün əlamətlərini daşıyır. İlkin məlumatlara görə, avtomobilin alt hissəsinə maqnit mina bərkidilib ki, bu da əməliyyatın diqqətlə planlaşdırıldığını göstərir. Açıq qalan əsas sual isə budur: yüksək rütbəli rus hərbçisinin qətlinin arxasında kim dayanır?

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” yazır.

Əsas versiyalar sırasında Ukrayna xüsusi xidmət orqanlarının iştirakı göstərilir. Onlar bundan əvvəl də Ukraynaya qarşı müharibə ilə əlaqəli ayrı-ayrı ruslara qarşı hücumlar həyata keçiriblər. Ekspertlərin fikrincə, partlayış bu tip əməliyyatların "sevimli” üsuludur, çünki partlayıcı maddə uzaqdan işə salına bilir. Halbuki atəş açmaq, zəhərləmə və ya yol-nəqliyyat qəzasını səhnələşdirmək qurbanla birbaşa təmas tələb edir və icraçılar üçün riskləri xeyli artırır.

Eyni zamanda sual doğurur: niyə hədəf məhz Sarvarov olub? Rusiya ordusunda onlarla general-leytenant var və açıq mənbələrə görə, Sarvarov Ukraynada birbaşa qoşunlara komandanlıq etməyib, o, şəxsi heyətin hazırlığına cavabdeh olub. Bundan başqa, onun həyat tərzi – köhnə "Kia” avtomobili sürməsi və tipik "yataqxana” tipli rayonda kommunal mənzildə yaşaması – korrupsiya yolu ilə zənginləşməyə işarə etmir.

London Kral Kollecinin terrorizm üzrə eksperti Peter Noyman hesab edir ki, əgər bu hadisədə Ukraynanın əli varsa, sui-qəsdin məqsədi konkret bir zabitin aradan götürülməsindən daha genişdir.

"Verilən siqnal budur: biz hamınıza çata bilərik. Və bütün ruslar üçün – istənilən an müharibəni Moskvaya daşıya bilərik”, – deyə o vurğulayır.

Noymanın sözlərinə görə, bu cür hücumlar bir neçə paralel effekt yaradır:

"Yüksək səviyyədə peşəkar hərbçilərin hazırlanmasına cavabdeh olan bir zabitin məqsədli şəkildə öldürülməsi ilə yanaşı, bu, Kreml elitası arasında sabitliyi pozur, Rusiya cəmiyyətində daxili aşınma yaradır və ruslara göstərir ki, yalnız amerikalılarla münasibətləri yoluna qoymaq cəhdləri onlara heç nə qazandırmayacaq”.
Qətlin sifarişçiləri və ya icraçıları barədə Rusiya hakimiyyəti hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, 22 dekabr tarixində Moskvada rus generalının olduğu avtomobil partladılıb. 56 yaşlı sürücü ayaqlarından qəlpə yaraları və üz sümüyünün sınığı ilə son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daha sonra RF İstintaq Komitəsi avtomobildə general-mayor Fanil Sarvarovun olduğunu rəsmi şəkildə təsdiqləyib. Partlayış nəticəsində o həlak olub.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyatçılar Şurasının sədri İvan Timoçko Moskvada rus generalının likvidasiyasının arxasında kimin dayana biləcəyi barədə danışıb. Onun fikrincə, bu işin arxasında Rusiya xüsusi xidmət orqanları da dayana bilər: general haradasa "səhvə yol verib” və "öz adamları tərəfindən aradan götürülüb”.

Alpər

Sorğu

--> -->