Xəbər lenti

Umerov İstanbulda Ukraynanın Rusiyadan nə tələb edəcəyini açıqladı
Dünya 15:36 16.05.2025

Umerov İstanbulda Ukraynanın Rusiyadan nə tələb edəcəyini açıqladı

Ukrayna Rusiya ilə ən yüksək səviyyədə birbaşa danışıqlara hazırdır. Rusiya isə sülhün mümkünlüyü üçün humanitar xarakterli konkret addımlar atmağa hazır olduğunu nümayiş etdirməlidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri və ədalətli və dayanıqlı sülhə nail olmaq üçün danışıqlar prosesində iştirak edən nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov bildirib.

Xüsusilə qeyd olunub ki, İstanbulda Ukrayna tərəfi ABŞ, Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri ilə görüş keçirib. Bu görüşdə bu gün İstanbulda Rusiya nümayəndə heyəti ilə aparılacaq danışıqlardan əvvəl mövqelər koordinasiya olunub.

Umerovun sözlərinə görə, Ukrayna tərəfi son həftə və aylarda atılan konstruktiv addımları vurğulayaraq sülh təşəbbüslərinə sadiqliyini bir daha təsdiqləyib:

"Biz tam və qeyd-şərtsiz atəşkəsə hazırıq. Bunu daha əvvəl Ciddə və Ər-Riyadda amerikalı tərəfdaşlarımızla görüşlərdə də bəyan etmişdik. Ukrayna ən yüksək səviyyədə birbaşa danışıqlara hazırdır”.

Onun sözlərinə görə, bu gün Ukrayna nümayəndə heyəti İstanbulda ədalətli və dayanıqlı sülhə nail olmaq yollarını tapmaq üçün iştirak edir.

"Rusiya yalnız o halda sülhə töhfə verə bilər ki, konkret addımlar atmağa hazır olduğunu göstərsin. Bu addımlar arasında ən azı 30 günlük tam atəşkəs, zorla deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması və hərbi əsirlərin "hamının hamıya” prinsipi ilə dəyişdirilməsi kimi humanitar tədbirlər yer alır”, – deyə müdafiə naziri vurğulayıb.

O, ABŞ, Fransa, Böyük Britaniya və Almaniyaya sülh prosesini irəli aparmaqda göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Türkiyəyə isə bugünkü görüşün təşkilinə, danışıqlar üçün platforma yaratmağa və Ukrayna üçün ədalətli sülhə nail olmaq səylərinə aktiv şəkildə qatıldığına görə minnətdarlıq edib.

"Biz ədalətli və uzunmüddətli sülh uğrunda mübarizəmizi davam etdiririk və bu yolda səylərimizi dayandırmırıq”, – deyə Umerov əlavə edib.

Eyni zamanda, "Reuters” Ukraynanın diplomatik mənbəsinə istinadla xəbər verir ki, Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlarda atəşkəsin təmin olunması məsələsini prioritet kimi irəli sürəcək. Həmin mənbənin bildirdiyinə görə, "etimadın möhkəmləndirilməsi üçün tədbirlərə” də ehtiyac var.

Ukrayna nümayəndələri həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kremlin rəhbəri Vladimir Putin arasında "üzbəüz” görüş imkanını da müzakirə edəcəklər.

"Məsələ ondadır ki, hər hansı diplomatik prosesin nəticə verməsi üçün real, etibarlı və yaxşı nəzarət olunan bir atəşkəsə ehtiyac var. Eyni zamanda, ukraynalı uşaqların, saxlanılan mülki şəxslərin geri qaytarılması və hərbi əsirlərin "hamının hamıya” prinsipi ilə dəyişdirilməsi kimi etimadı gücləndirən humanitar tədbirlərə də ehtiyac var”, – deyə mənbə bildirib.

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak isə "X” sosial şəbəkəsində yazıb ki, ruslar 2022-ci illə bağlı assosiasiyalar yaratmağa çalışırlar, o dövrdə Ukraynadan təslimiyyət tələb olunurdu.

"Lakin bu danışıqların 2022-ci illə yeganə əlaqəsi – onların İstanbulda baş verməsidir. Vəssalam. Rusların bu günü 2022-ci ilə bağlamaq cəhdləri uğursuzluğa məhkumdur”, – deyə Yermak vurğulayıb.

UNİAN-ın məlumatına görə, bu gün – 16 mayda İstanbulda Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak, müdafiə naziri Rüstəm Umerov və xarici işlər naziri Andriy Sibiqanın ABŞ Prezidenti xüsusi nümayəndəsi Kit Kelloq, Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell, Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonn və Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Zauter ilə görüşləri baş tutub.

Bundan əlavə, Ukrayna, ABŞ və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar da keçirilib.

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, onun İstanbulda Ukrayna və Rusiya nümayəndələrinin görüşünə dair yüksək gözləntiləri yoxdur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->