"Bu qayda həmişə olub. Əgər vətəndaşın barəsində məhkəmə qərarı varsa və üzrsüz səbəbdən qərarı icra etmirsə, borcunu vermirsə, bu halda icra məmurunun məhkəməyə təqdimatı əsasında onun ölkədən çıxışına məhdudiyyət qoyulur".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı ilə bağlı yeni qanundan danışarkən deyib.
Vəkil bildirib ki, yeni qanunda dəyişikliklər yalnız rəhbər hüquqi şəxslərlə bağlıdır:
"İndiki dəyişiklik hüquqi şəxsin rəhbərinə aid olur. Amma onlar da vəzifədən çıxmaqla məhdudiyyətdən azad oluna bilər. Əgər belə vətəndaşlar üçün ölkədən çıxmaq vacibdirsə, sadəcə vəzifəsindən çıxmaqla problemi həll etmiş olar".
Əkrəm Həsənov əlavə edib ki, bu gün qanun düzgün tətbiq olunmur:
"Bu gün belədir, vətəndaş barəsində məhkəmə qərarı var. İcra məmuru onu çağırır. Onu da əlavə edim ki, belə məsələlərdə icra məmuru hamını çağırmır. Ancaq xaircə gedib-gələnləri çağırır. Əgər vətəndaş xaricə gedib-gəlmirsə, icra məmuru özünə əziyyət verib onları çağırmır. Bu gün Azərbaycan xalqının böyük hissəsi xaricə gedib-gələ bilmir. Xüsusən də quru sərhədlər bağlı olduğu üçün gediş-gəliş azalıb. Əgər icra məmuru müəyyən etsə ki, vətəndaş xaricə gedib-gəlir, onunla danışır, anlaşa bilməsə, müraciət edir. Ya da əksinə, vətəndaş kimə borcludursa, həmin şəxs icra məmurundan xahiş edir ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulsun”.
Əkrəm Həsənov təəssüf hissi ilə bildirib ki, istər icra məmuru, istərsə də məhkəmələr vətəndaşın borcunu üzrlü ya üzrsüz səbəbdən verə bilmədiyini müəyyən etmir:
"Halbuki bununla bağlı 2013-cü il Konstitusiya Məhkəməsinin qərarı var. Üzrsüz nədir, yəni imkanı var, amma borcunu vermir. İcra məmuru bunu araşdırıb müəyyən etməlidir. Bunu etmədən vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyurlar”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "İcra haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, borcluların ölkədən çıxmaq hüququ yeni qaydada müvəqqəti məhdudlaşdırılacaq.
Layihəyə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Bahar Rüstəmli
Şərhlər