Hindistanla mümkün müharibə fonunda Pakistanda artilleriya mərmilərinin çatışmazlığı müşahidə olunur. Bu, ölkənin son zamanlar Ukrayna və İsrailə sursat göndərməsi ilə əlaqələndirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Hindistanın "ANI News" və "Lokhma Times” mediası kəşfiyyat mənbələrinə istinadla yazıb.
Hindistan kəşfiyyatının məlumatına görə, mövcud ehtiyatlarla Pakistan yüksək intensivlikli döyüşləri cəmi dörd gün apara bilər.
Mərmi çatışmazlığının əsas səbəbi Pakistandan hazırda müharibələrin davam etdiyi regionlara — xüsusilə Ukrayna və İsrailə — iri həcmdə sursat ixracıdır. Hindistanlı jurnalistlərin iddiasına görə, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Pakistanın sursat istehsalı zavodları bu ölkəyə gizli silah tədarükçüsünə çevrilib.
Yalnız 2023-cü ilin fevral-mart aylarında Pakistandan Ukraynaya guya 42 min ədəd 122 mm-lik "Qrad" BM-21 raketi, 60 min ədəd 155 mm-lik haubitsa mərmisi və əlavə olaraq 130 min ədəd 122 mm-lik raket göndərilib. Bu tədarüklər nəticəsində Pakistanın 364 milyon dollar qazandığı iddia olunur.
Nəticədə Pakistan ordusunun əsas silahlarından sayılan M109 haubitsaları və "Qrad" raket sistemləri üçün zəruri sursat təminatı tükənmək üzrədir.
Hindistanla Pakistan arasında nə baş verir?
Gərginlik Cammu və Kəşmir bölgəsində Hindistan ərazisində silahlıların turistlərə atəş açması ilə başlayıb. Hadisə nəticəsində 26 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Hücumun məsuliyyətini "Kəşmir Müqaviməti” adlı silahlı qruplaşma üzərinə götürüb. Onlar sosial şəbəkələrdə bölgəyə 85 minə yaxın "yad adamın” köçürülməsini və bu səbəbdən "demoqrafik dəyişikliklərin” baş verdiyini bəyan ediblər.
Qeyd edək ki, Kəşmir bölgəsi Hindistan və Pakistan arasında uzun illərdir davam edən münaqişə obyektidir. Bu səbəbdən iki ölkə üç dəfə müharibə aparıb, sonuncu dəfə bu 1999-cu ildə baş verib. Həmin münaqişə hər iki ölkənin nüvə silahı sınaqlarından sonra daha təhlükəli xarakter alıb.
Üstəlik, mayın 3-nə keçən gecə Hindistan-Pakistan sərhədində toqquşmalar başlayıb. Bu hadisədən sonra ABŞ Dövlət Departamenti tərəfləri gərginliyi artırmamağa çağırıb.
Alpər
Şərhlər