Xəbər lenti

Türkiyə Ermənistanla münasibətləri niyə normallaşdırmalıdır?
Siyasət 11:40 23.01.2023

Türkiyə Ermənistanla münasibətləri niyə normallaşdırmalıdır?

Türkiyə niyə Ermənistanla münasibətləri fərqli müstəviyə daşımalı, sərhədlərini açmalı və işgüzar münasibətlərdə olmalıdır? Bundan Azərbaycanın qazancı nədir?
 
Bu haqda televiziyalarda danışsaq da, yazmağı da vacib bildim. Çünki bəzən çıxışlardan olan qısa kəsintiləri insanlar tam anlamaya və ya onlarda haqlı suallar yarana bilər. Bunun səbəbləri çox olsa da, mən bir neçəsini daha sadə formada, çox qısa şəkildə izah edəcəyəm.
 
1. Qərb dünyasının beynəlxalq qurumları Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasını istəyir. Hər iki ölkənin sülh və əmin-amanlıq içində yaşayaraq, qısa zamanda əməkdaşlığa da başlaya biləcəklərini daim vurğulayır. Bu, Qərbə lazımdır. Təbii ki, Qərb üçün sülh elə Qərb üçündür. Öz maraqları bu gün bunu tələb edir. Bölgənin enerji resurslarına ehtiyacları var. Bu, həmçinin bizim də marağımızdadır. İqtisadi cəhətdən güclü olmalıyıq və bu savaş ən qısa zamanda bitməlidir ki, maliyyəmizi daha doğru istiqamətə yönəldə bilək, inkişaf edək.
 
2. Məsələn, Ermənistanın qısa zamanda gücünü toplayaraq revanş almaq istəyinə düşməyəcəyinə kim və ya nə zəmanət verə bilər?
 
3. Rusiyanın Ermənistandan alət kimi istifadəsi hələ də davam edir. Qarabağ müharibəsindən sonra hətta sülh müqaviləsi imzalansa belə, ermənilərin müqaviləyə sadiq qalacaqlarına heç bir qarantiya yoxdur. Bu qarantiyanı təmin etmənin yolları haqqında təhlillər yenə diqqəti Türkiyənin üzərinə aparır.
 
4. Savaşı uduzmaqları belə onların planlarından və əməllərindən vaz keçəcəklərinə dəlalət etmir. Buna bariz nümunə Ermənistanın və dünya ermənilərinin Türkiyəyə qarşı torpaq iddialarıdır. Anadoludakı cinayətlərindən dolayı aldıqları cəzanı qəbul edə bilmirlər və istəmirlər. Sülh üçün ilkin addım olan ərazi bütövlüyünün tanınması ilə bağlı da konkret mövqeləri yoxdur.
 
5. Və nəhayət, Azərbaycan iki ildir, sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar aparır, hətta konkret təkliflərlə çıxış edir, lakin Rusiya bu sülh prosesinə hər vəchlə mane olur.
 
"Niyə mane olur?” - sualına onlarla cavab var. Əsas aspekt isə geosiyasidir. Biz Qarabağ deyəndə Cənubi Qafqazı nəzərdə tuturuq, Cənubi Qafqaz deyəndə Böyük Yaxın Şərqi nəzərdə tuturuq, Böyük Yaxın Şərq deyəndə nə az, nə çox, bütün dünyanı nəzərdə tuturuq. Bu mənada, Qarabağda tərəflərdən birinin qələbəsi mümkün görünsə də, tərəflərdən birinin digərini tamamilə məhv etməsi dünyanın planlarına uyğun görünmür. Dünya gücləri Qafqazda güc balansının təktərəfli formada qurulmasına razılıq verməyəcəklər. Rusiya isə burada təkbaşına olmaq istəyir.

Bu baxımdan Türkiyənin bölgədə olması Cənubi Qafqaz üçün nəfəs kimi vacibdir. Həm Rusiyanın, həm digər güclü dövlətlərin Qafqaz planlarını Azərbaycanın gələcəyi üçün təhlükəni həyata keçirmələrinin qarşısını ala biləcək tək təminatçı Türkiyədir. Cənubi Qafqaz ölkələrinin qonşusu olan, yeni super gücə çevrilən bu dövlətin qonşuları ilə münasibəti yaxşı qurulmalıdır ki, bölgədə söz sahibi ola bilsin. Söhbət sadəcə Türkiyənin söz sahibi olması ilə bitmir, söhbət gələcəkdə Avropa İttifaqına bənzər siyasi iqtisadi birliyin qurulmasına qədər gedə biləcək uğurlu bir layihədən gedir. Neft və digər maddi sərvətlər, turizm kimi sərfəli iqtisadi sahələrin inkişafı yalnız sabit və əmin bölgələrdə çiçəklənə bilər.
 
Anar Əsədli
AY Partiya Başqanı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->