"Bu sayaq feyk informasiyalarla İran daxilində ölkəmizə qarşı xüsusi aqressivlik yaratmağa, orada yaşayan 40 milyonluq Azərbaycan türkünü Azərbaycan dövlətinə qarşı qaldırmağa çalışırlar".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
"Belə feyk məlumatların yayılması ilk və son da deyil. Məsələ ondadır ki, uzun müddətdir, xüsusən də İran tərəfindən Azərbaycan ərazisindən guya Tehrana qarşı hansısa əməliyyaların həyata keçirilməsilə bağlı yalan məlumatlar yayırlar", deyə deputat bildirib.
Bu addım, həmsöhbətimizin fikrincə, Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasından başqa bir şey deyil:
"Bu cür feyk məlumatlar yaymaqla guya Azərbaycan ərazisində İrana qarşı hansısa təxribat addımlarının atılmasının təşviq edilməsini gündəmə gətirmək istəyirlər. Bu yolla həm də Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağı düşünürlər. Xüsusən də belə informasiyalarla İran daxilində Azərbaycana qarşı xüsusi aqressiya, düşmənçilik tendensiyası formalaşdırmağa çalışırlar. Bununla həm də İranda yaşayan 40 milyonluq Azərbaycan türkünün prosesdə Azərbaycan dövlətinə qarşı olmasını istəyirlər".
Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycan bölgədə sülh və sabitliyin tərəfdarıdır:
"Artıq kimin-kim olduğu məlumdur. Azərbaycan dəfələrlə rəsmi şəkildə bildirib ki, ölkəmizin ərazisindən digər qonşu dövlətlərə qarşı hansısa formada istifadə edilməyəcək. Azərbaycan bölgədə sülh və sabitliyin qarantı rolunda çıxış edir. Bunu İran rəsmiləri də gözəl bilir. Ancaq təəssüf ki, bu cür feyk məlumatlar yaymaqla, ölkəmizə qarşı şər və böhtan yağdırmaqdan əl çəkmirlər".
Qeyd edək ki, rusiyalı politoloq Andrey Serenkonun yazdığına görə, guya Pəncab və Pakistan puştunlularından ibarət 50 minlik yaraqlı dəstə 2026-cı ilin yazına qədər İslamabaddan Azərbaycana göndəriləcək. O, iddia edir ki, bu yaraqlılar Pakistanın Xidmətlərarası Kəşfiyyatın dəstəyilə təlimlər keçirlər. Təlimatçılar da guya əfqan geyimində olan azərbaycanlı hərbçilərdir. Ardınca qeyd edir ki, həmin yaraqlılar Türkiyə və İsrail xüsusi xidmət orqanlarının dəstəyilə Azərbaycanda yerləşəcəklər.
Bütün xərcləri iddiaya görə guya MOSSAD öz üzərinə götürüb. Politoloq bildirib ki, Türkiyə Rusiya tərəfindən Talibanın tanınmasında məyus olub. İddia olunur ki, bu addımda məqsəd Əfqanıstan və Azərbaycan vasitəsilə İrana qarşı dağıdıcı partizan müharibəsi başlatmaqdır.
Rüfət Sultan
Şərhlər