Xəbər lenti

Dünya 13:36 24.02.2026

"Top Vaşinqtondadır, amma Tramp təzyiq etməyəcək" - Ekspert

"Atəşkəsin taleyi Vaşinqtonun mövqeyindən asılıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu HƏMAS-ın israilli girovları buraxmağa hazır olduğunu və vasitəçilər vasitəsilə danışıqlara açıq qalacağını bəyan etməsini şərh edərkən deyib. 

Onun sözlərinə görə, HƏMAS hələlik vasitəçi qismində konkret hansı ölkələri nəzərdə tutduğunu açıq şəkildə elan etməyib. Lakin aydın məsələdir ki, bu, əsasən ərəb və müsəlman ölkələridir:

"HƏMAS-ın nəzərdə tutduğu vasitəçilər sırasında Qətər, Türkiyə və Misir yer alır. Çünki hazırkı atəşkəs prosesi də məhz bu dövlətlərin vasitəçiliyi ilə aparılır. Vasitəçilərin sülh prosesinə müəyyən  təsir  imkanları var".
 


Ekspert vurğulayıb ki, bütün hallarda prosesin taleyi ABŞ-ın mövqeyindən asılı olacaq:

"Burada əsas problem İsrailin prosesə reaksiyasıdır. İsrailə real təzyiq göstərə biləcək yeganə güc ABŞ-dır. Bu səbəbdən də hər şey Vaşinqtonun mövqeyindən asılı olacaq. Məsələ ondadır ki, Donald Trampın sülh planının işləməsi üçün İsrailin atəşkəsə əməl etməsi vacibdir. Ancaq faktiki olaraq, atəşkəsə baxmayaraq, İsrail Qəzzanı bombalamaqda davam edir. Ötən ilin oktyabrından bu yana 600-dən çox insan həlak olub".

Bununla belə, müsahibimiz Trampın Təl-Əvivə real təzyiq göstərəcəyini istisna edir:

"Əgər Tramp sülh planının işləməsini istəyirsə, İsrailə təzyiq etməlidir. Amma bu, hazırkı mərhələdə elə də real görünmür. Ən azı indiki anda".

Qeyd edək ki, HƏMAS Qəzzada atəşkəs prosesi ilə bağlı yaydığı açıqlamada qırğınların dayandırılması planına müsbət yanaşdıqlarını bildirib. Qruplaşma israilli girovları buraxmağa hazır olduqlarını, vasitəçilər vasitəsilə danışıqlara açıq olduqlarını və silahlarını qurulacaq Fələstin dövlətinə təhvil verməyə hazır olduqlarını da bəyan edib. 

Bu açıqlamaya cavab olaraq, ABŞ prezidenti Donald Tramp girovların təhlükəsiz şəkildə azad edilməsi üçün İsrailin dərhal Qəzzanı bombalamağı dayandırmalı olduğunu söyləyib: "Bu, yalnız Qəzza ilə bağlı deyil, uzun müddətdir arzu olunan sülhün təmin olunması üçündür".

Rüfət Sultan
--> -->