Xəbər lenti

Dünya 12:40 24.02.2026

"Müharibə 2026-cı ildə də davam edəcək" - Ekspert

"Bu addımların müharibənin gedişinə ciddi təsir göstərəcəyini zənn etmirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Böyük Britaniyanın ukraynalı təlimatçılara döyüş helikopterlərini idarə etmək təlimləri keçməsi fonunda döyüş helikopterlərindən istifadə sahəsində Ukraynaya taktiki üstünlüklər yaradıb-yaratmayacağını şərh edərkən deyib. 

Bununla yanaşı, ekspert qeyd edib ki, prinsip etibarı ilə hazırda Ukrayna ordusu Rusiya ordusuna acı nəticələr yaşadır: 

"Rusiyanın Ukraynaya qarşı təcavüzünün 4-cü ildönümüdür. Bu müddət ərzində Böyük Britaniya Ukraynaya ən böyük dəstək verən ölkə olub. 2022-ci ildən üzü bəri Böyük Britaniyada baş nazir olan şəxslərin hər biri bu müddət ərzində Ukraynaya səfərlər edib, haqqı işində Kiyevə var güclərilə kömək ediblər. London öz addımları, qətiyyətilə bu  sahədə digər Avropa ölkələrinə bir nümunədir. Bəziləri daha çox müzakirəyə meylli olsa da, Britaniya aktiv şəkildə Kiyevə dəstək olur".
 


Müsahibimiz bildirib ki, Ukrayna təkcə özü üçün deyil, həm də Avropa üçün döyüşür: 

"Ukrayna pilotları indi də Böyük Britaniyada təlim keçirlər. Bu aylar öncə planlaşdırılan hərbi təlimlərin bir elementidir və Ukrayna pilotlarının döyüş helikopterlərindən peşəkarcasına istifadə etmələrinə böyük töhfə verəcək. Ukrayna təkcə özü üçün deyil, həm də Avropa üçün döyüşür. Müharibə 2026-cı ildə də davam edəcək".

Qeyd edək ki, Böyük Britaniya ukraynalı  təlimatçılara döyüş helikopterlərini idarə etmək təlimlərinə başlayıb. Bildirilir ki, bu, Britaniyanın Ukraynaya ilk dəfə helikopter təlimatçısı təlimi təklif etməsidir. 

Məzunlar Ukrayna hərbi pilotlarının yeni nəslini yetişdirəcəklər. London habelə Ukraynaya enerji dəstəyi və onun elektrik şəbəkəsinin bərpası üçün əlavə 20 milyon funt sterlinq (27 milyon dollar) ayıracaq. Bundan əlavə, Britaniya hökuməti hərbi əməliyyatlardan zərər çəkmiş Ukrayna bölgələrinin sakinlərinə humanitar yardım üçün 5,7 milyon funt sterlinq (7,7 milyon dollar) ayırdığını açıqlayıb. 

Rüfət Sultan
--> -->