Xəbər lenti

Dünya 12:31 13.06.2024

"Rusiya Ermənistanla silahlı toqquşmaya gedəcək" - Ekspert

"Rusiya Ermənistanda silahlı toqquşmaya da gedə bilər. Lakin buna baxmayaraq, Nikol Paşinyan ABŞ-ın köməyilə öz hakimiyyətini saxlayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ermənistanda müxalifətlə Nikol Paşinyan arasında davam edən gərginliyin pik nöqtəyə çatmasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistanda vəziyyətin gərginləşəcəyi hələ 2020-ci ilin sonundan bəlli idi:

"Həmin dövrdən başlayaraq Paşinyanın Qərbyönlü siyasət yürüdəcəyi, KTMT-dən çıxacağı və bununla əlaqədar Rusiyanın onu devirmək planlarını işə salacağı proqnoz edilirdi. İndi həmin dövr gəlib çatıb. Paşinyan Qərbi seçir. ABŞ-ın Ermənistanı Rusiyadan qoparmaq üçün Bakı ilə İrəvan arasında sülhdə maraqlı olduğunu da qeyd edirdik. Çünki bu münaqişə Rusiyanın regionda qalmasının başlıca şərti idi. Amma bir çoxları ABŞ-dan şeytan düzəltməklə məşğul idi. Ermənistanda gedən prosesin ciddi şəkildə Paşinyanın hakimiyyətini laxladacağını düşünmürəm. Qarşıdurma hələ davam edəcək. Lakin onun sonu müxalifətin məğlubiyyəti və Paşinyanın hakimiyyətini saxlaması ilə nəticələnəcək". 
 


Ekspert hesab edir ki, Ermənistanda 2008-ci il olaylarının təkrarlanması, silahlı toqquşma ehtimalı da istisna edilmir:

"Bu da gözləniləndir. Rusiya son anda buna da gedəcək. Amma Paşinyan Azərbaycanla sərhəddən əmin olsa, ABŞ-ın köməyilə bu silahlı xuntanın da öhdəsindən gələcək".

Qeyd edək ki, Ermənistan müxalifətinin Paşinyan əleyhinə aksiyası davam edir. Dünənki aksiya zamanı polis Ermənistan parlamenti yaxınlığında etiraz aksiyası keçirən 98 nəfəri saxlayıb. Bu gün səhər tezdən isə "Vətən naminə” hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə hökumət binasına doğru irəliləməyə başlayıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->