Xəbər lenti

Qlobal istiləşmə ilə mübarizənin əsas üsulu əks effekt verdi
Dünya 21:54 22.02.2026

Qlobal istiləşmə ilə mübarizənin əsas üsulu əks effekt verdi

Milyonlarla ağac əkilməsi qlobal istiləşmə ilə mübarizənin ən yaxşı yolu kimi görünür. Ağaclar havadakı karbon qazını (istixana təsirini gücləndirən) sorur, onu odun və köklərə çevirirlər. Sanki ideal həll! Amma son araşdırmalar göstərir ki, vəziyyət düşündüyümüz qədər sadə deyil.

Qaynarinfo xəbər verir ki, beynəlxalq alimlər qrupu Avropa meşələrində geniş tədqiqatlar aparıb və nəticələr "Global Change Biology” jurnalında dərc olunub. 1984–2022-ci illər arasında torpaq qatlarının kimyəvi tərkibini izləyən tədqiqatçılar, meşələrin bu müddət ərzində dərin torpaq qatlarındakı karbonun 17%-ə qədər itirdiyini aşkar ediblər.

Alimlərin fikrincə, qlobal istiləşmə şəraitində meşələr yalnız torpaqda əvvəlki dövrlərdən yığılan karbonun sərbəst buraxılmasını sürətləndirir. Orta temperaturun və yağıntının artması torpaqdakı mikroorqanizmləri aktivləşdirir, onlar bitki qalıqlarını parçalayaraq karbon qazını atmosferə geri buraxır.

Əsas problem odur ki, məhz ağaclar bu prosesi sürətləndirir. Kökləri ilə torpağın üst qatlarını qıraraq mikroorqanizmlərə dərinliyə asan yol açırlar.

Bu proses Belçika və Şotlandiyada köhnə çəmənlər üzərinə əkilmiş şam meşələrində müşahidə olunub. Orada torpaq karbon ehtiyatları otlaq sahələri ilə müqayisədə iki dəfə azalıb. Beləcə, əsrlərlə torpaqda qala biləcək karbon yenidən atmosferə qayıdır.

Alimlər vurğulayır ki, bu o demək deyil ki, meşə əkilməsi ziyanlıdır – ağaclar hələ də gövdə və yarpaqlarında karbon yığır. Lakin ümumi mənzərə bir qədər qaranlıqdır: ağac əkilməsindən əldə olunan xalis fayda əvvəl hesablandığından 20–30% az ola bilər.

Aydın

--> -->