Elm dünyası onilliklərdir ki, Antarktidanın dondurucu sularının köpəkbalıqları üçün uyğun olmadığını bildirirdi. Bu yırtıcıların biologiyasının həddindən artıq soyuq mühitlə uzlaşmadığı və bu ərazilərdə yaşamalarının mümkünsüz olduğu düşünülürdü. Lakin 2025-ci ilin yanvarında qeydə alınan və mart ayında ictimaiyyətə açıqlanan görüntülər bu nəzəriyyələri alt-üst edib.
Qaynarinfo xəbər verir ki, Cənubi Şetland adaları yaxınlığında dərinliyə endirilən sualtı kamera "imkansız” sayılan anı saniyə-saniyə qeydə alıb. Qərbi Avstraliya Universitetinə bağlı tədqiqat qrupu Antarktika yarımadası açıq dənizində rutin araşdırmalar apararkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Təxminən 490 metr dərinlikdə və suyun temperaturunun cəmi 2 dərəcə olduğu nöqtədə bir "cənub yuxucu köpəkbalığı” sakit şəkildə kameranın önündən keçib.
Bu növün indiyədək qeydə alınmış ən cənub nöqtədə müşahidəsi olan görüntü ilə bağlı tədqiqatçılar "burada canlı köpəkbalığı görmək tam bir şok idi” açıqlamasını veriblər.
Cənubda yaşayan köpəkbalığı əslində dərin və soyuq sularda yaşamağa yad deyil. Lakin onun Antarktidanın bu qədər iç hissələrinə qədər irəliləməsi qeyri-adi hesab olunur. Alimlər hesab edirlər ki, bu yırtıcının sağ qalmasının sirri Cənub okeanındakı şaquli su qatlarında gizlənir.
Köpəkbalığının müşahidə olunduğu dərinlik ətrafdakı daha sərt soyuq sularla müqayisədə nisbətən mülayim temperatur təklif edir. Bu qat heyvan üçün cənuba doğru hərəkət etməyə imkan verən gizli keçid, bir növ "isti dəhliz” rolunu oynayıb.
Tədqiqatçılar kameraya düşən köpəkbalığının bölgədə tək olmadığı ehtimalını da nəzərdən keçirirlər. Oxşar növlərin də eyni dərinlikdəki mülayim su qatlarından istifadə edərək materikə doğru hərəkət etmiş ola biləcəyi istisna edilmir. Bu yırtıcıların dəniz dibinə çökən nəhəng kalmar və ya balina cəsədləri ilə qidalanmaq üçün bölgəyə gəldiyi ehtimal olunur.
Lakin əsas narahatlıq doğuran sual bu hərəkətin arxasında duran səbəbdir. Qlobal istiləşmə nəticəsində okean sularının temperaturunun artması bir çox dəniz canlısını qütb bölgələrinə doğru köç etməyə məcbur edir. Bu isə Antarktidanın ekosistemində indiyədək görünməmiş dəyişikliklərin başlanğıcı ola bilər.
Aydın
Şərhlər