Visseral (daxili) piylərdən qurtulmağa çalışan insanlar bir şeyi düzgün anlamalıdır: qarını 10 günə əritməyə imkan verən möcüzəvi bir qida mövcud deyil.
Qaynarinfo xəbər verir ki, bunu sertifikatlı idman diyetoloqu Tara Kollinqvud deyib.
Onun sözlərinə görə, daxili piyin miqdarını azaltmaq üçün kalori defisiti yaratmaq, daha çox hərəkət etmək və uzunmüddətli dövrdə sağlam qidalanma qaydalarına riayət etmək vacibdir.
Bununla belə, bəzi məhsullar var ki, arıqlama prosesinə dəstək verir. Onlar iştahanı tənzimləyir, maddələr mübadiləsini sürətləndirir və qandakı şəkərin səviyyəsini sabit saxlayır.
Qarındakı piyləri yandırmağa kömək edən məhsulların siyahısı
Liflə zəngin tərəvəzlər
Şpinat, brokkoli, "keyl” kələmi — əla seçimlərdir. Kollinqvudun sözlərinə görə, bu cür tərəvəzlər toxluq hissi yaradır və ümumi kalori qəbulunu azaltmağa kömək edir. Onları smuziyə əlavə etmək və ya qarnir kimi istifadə etmək olar.
Lobya bitkiləri
Mərci, lobya və noxud – zülal və lif baxımından zəngin qidalardır. Onlar yaxşı doydurur və uzun müddət iştahanı azaldır. Bu məhsullar həm ayrıca yemək kimi, həm də salatlara və ya əsas yeməklərə əlavə olaraq istifadə oluna bilər.
Az yağlı zülallar
Toyuq filesi, balıq, yumurta və tofu orqanizmi əlavə yağlar olmadan zülalla təmin edir. Diyetoloq vurğulayır ki, "bu məhsullar arıqlama zamanı əzələ kütləsini qorumağa kömək edir”.
Tam taxıllı məhsullar
Yulaf, "kinoa” və qəhvəyi düyü — uzunmüddətli toxluq hissi yaradan və qandakı şəkərin səviyyəsini nəzarətdə saxlayan faydalı karbohidratlardır.
Qoz-fındıq
Az miqdarda qəbul edilən qoz-fındıq rasiona gözəl əlavədir. Onlar faydalı yağlarla zəngindir və artıq yeməyin qarşısını almağa kömək edir. Amma onların kalori dəyəri yüksək olduğundan, həddən artıq istifadə etmək olmaz.
Yağlı balıq
"Losos”, skumbriya, sardina – visseral piylənmə ilə bağlı iltihab proseslərini azaldan omeqa-3 yağ turşuları ilə zəngindir.
Yaşıl çay
Əgər qəhvəyə alternativ axtarırsınızsa, yaşıl çayı sınayın. Kollinqvudun sözlərinə görə, onun tərkibindəki katexinlər fiziki aktivliklə birlikdə yağ yandırma prosesini bir qədər sürətləndirə bilər.
Yunan yoqurtu
Yağsız və ya az yağlı, zülal baxımından zəngin yunan yoqurtu əzələ kütləsinin qorunmasına kömək edir və uzunmüddətli toxluq hissi verir. Ən yaxşı seçim — tərkibində əlavə şəkər olmayan məhsuldur. Ona təzə giləmeyvə əlavə etmək tövsiyə olunur.
Giləmeyvə
Moruq, göyəm, çiyələk və böyürtkən — şirin istəkləri boğmaq üçün dadlı və faydalı seçimdir. Onlar digər meyvələrlə müqayisədə daha az şəkər, lakin daha çox lif və antioksidant tərkibinə malikdir.
Avokado
Avokadonun tərkibindəki faydalı tək doymamış yağlar uzun müddət toxluq hissi verir. Lakin unutmaq olmaz ki, hətta ən faydalı məhsullar da həddindən artıq qəbul edildikdə arıqlama prosesinə mane ola bilər.
Ədviyyatlar
Yeməyə acı bibər, çili və ya qırmızı istiot əlavə etmək maddələr mübadiləsini bir qədər sürətləndirə bilər. Kollinqvud qeyd edir ki, bu, bədənin enerji sərfiyyatını artıran kapsaisin maddəsi ilə bağlıdır.
Aydın
Şərhlər