Xəbər lenti

Tünd, açıq, yoxsa süzülməmiş: Hansı pivə daha az zərərli sayılır? - Ekspert
Sağlamlıq 16:00 03.08.2025

Tünd, açıq, yoxsa süzülməmiş: Hansı pivə daha az zərərli sayılır? - Ekspert

Pivə çox populyar içkidir, lakin az adam onun hansı ziyanı vura biləcəyini və necə seçilməli olduğunu dərindən düşünür.

Qaynarinfo xəbər verir ki, Ukrayna əsilli amerikalı həkim Cəfərzadə Şeyx İbrahim Abolqasımoviç UNIAN-a açıqlamasında süzülmüş və süzülməmiş pivənin fərqlərindən və gündə nə qədər içməyin mümkünlüyündən danışıb.

Hansı pivə daha faydalıdır – tünd, açıq, yoxsa süzülməmiş?

Həkim əvvəlcə hansı pivənin sağlamlıq üçün daha faydalı sayıldığını izah edib. Onun sözlərinə görə, tünd pivə növlərində adətən daha çox polifenol birləşmələri və antioksidantlar olur ki, bunlar ürək-damar sistemi üçün potensial olaraq faydalı ola bilər. Açıq pivədə bu birləşmələr daha azdır, yəni potensial fayda da az ola bilər. Amma ümumilikdə tünd və açıq pivənin təsiri bir-birinə oxşayır. Buna görə də, "hansı daha yaxşıdır – tünd, yoxsa açıq” sualının dəqiq cavabı yoxdur.

"Süzülməmiş pivə çox vaxt kraft və pasterizə olunmamış içkidir. Hesab edilir ki, burada lif kimi bəzi faydalı maddələr və probiotiklər daha çox qala bilər. Bu baxımdan belə pivə həzm sistemi üçün daha çox potensial fayda verə bilər”, – deyə Cəfərzadə Şeyx İbrahim əlavə edib.
Onun fikrincə, pasterizə olunmamış süzülməmiş pivənin əsas mənfi tərəfi ondadır ki, düzgün saxlanmadıqda probiotiklər həddən artıq çoxala bilər və nəticədə mədə-bağırsaq sistemində pozuntular yarana bilər.

Hansı pivə daha zərərlidir – tünd, yoxsa açıq?

Həkim izah edir ki, tünd, açıq və süzülməmiş pivənin ümumi mənfi cəhətləri var – yüksək kalorili olması və tərkibində spirtin mövcudluğu. Pivədə mədə və ürək-damar sistemi üçün faydalı ola biləcək birləşmələr olsa da, spirtin mövcudluğu bu müsbətləri tamamilə neytrallaşdırır.
"Potensial olaraq, antioksidantlar və ya probiotiklər və lif saxlayan spirtsiz pivə orqanizm üçün daha faydalı ola bilər. Amma belə içki yenə də kifayət qədər kalorilidir və bu, mənfi tərəf olaraq qalır”, – deyə o vurğulayıb.

Gündə hər növ pivədən nə qədər içmək olar?

Mütəxəssisin sözlərinə görə, qadınlar gündə bir standart spirtli içki porsiyasından çox içməməlidirlər. 5%-lik pivə üçün bu, 350 millilitrdir. Kişilər üçün icazə verilən hədd – gündə iki porsiya, yəni 700 millilitrdir.

Diqqət yetirmək lazımdır ki, kraft pivə adətən daha güclüdür – 7-8 faiz spirt tərkibinə malik olur. Bu halda günlük porsiya daha az – təxminən 250-275 millilitr olmalıdır.

"Həftədə neçə dəfə pivə içmək barədə dəqiq tövsiyə yoxdur. Amma hətta gündəlik az miqdarda spirtli içki də orqanizmə mənfi təsir göstərə bilər, buna görə tövsiyə edilmir”, – deyə Cəfərzadə Şeyx İbrahim yekunlaşdırıb.

Beləliklə, hansı pivənin daha yaxşı olması o qədər də vacib deyil. Əsas olan – porsiyanın həcmi və bu içkinin qəbul tezliyidir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->