Yaponiyanın Kobe Universitetində aparılan yeni bir araşdırma, gələcəyə ümidlə baxan insanların beyinlərində bənzər düşüncə nümunələrinin yarandığını ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, bu fərqlilik sosial münasibətlərdəki fərqlərin də neyrobioloji əsaslara söykənə biləcəyini göstərir.
Tədqiqat zamanı məlum olub ki, optimist insanlar gələcəkdə baş verə biləcək hadisələri təsəvvür edərkən beyinlərində oxşar sinir izləri yaranır. Əksinə, pessimistlərin gələcəklə bağlı zehni təsvirləri daha fərqli və fərdidir.
Araşdırmaya rəhbərlik edən psixoloq Kuniaki Yanagisavanın fikrincə, ortaq gələcək təxəyyülünə sahib olmaq insanlar arasında qarşılıqlı anlaşmanı asanlaşdıra bilər. Bu da optimistlərin niyə daha sosial, daha razı və geniş çevrəyə malik olduğunu izah edə bilər.
Tədqiqat çərçivəsində optimistlik və bədbinlik səviyyələri müxtəlif olan 87 iştirakçı seçilib. Onlardan həm müsbət, həm də mənfi gələcək ssenarilərini təsəvvür etmələri istənilib. Bu zaman onların beyin aktivliyi funksional maqnit-rezonans tomoqrafiyası (fMRI) ilə izlənilib.
Məlum olub ki, optimistlər gələcəyi düşündükdə onların beyinlərindəki aktivliklər bir-birinə yüksək dərəcədə bənzəyir. Bədbinlərdə isə bu nümunələr demək olar ki, hər bir insanda fərqlidir. Alimlər bu fərqi rus yazıçısı Lev Tolstoyun məşhur ifadəsi ilə ümumiləşdirirlər: "Bütün xoşbəxt insanlar bir-birinə bənzəyir, hər bədbəxt isə özlüyündə fərqlidir".
Tədqiqatçılar yalnız ümumi düşüncə tərzlərini deyil, həm də müsbət və mənfi ssenarilər arasındakı fərqləri araşdırıblar. Optimistlərin beyinlərində bu iki növ hadisə daha aydın şəkildə ayrılır. Bədbinlərdə isə bu fərq daha qeyri-müəyyən və üst-üstə düşən formadadır.
Əldə olunan nəticələrə görə, optimistlər mənfi hadisələri inkar etmirlər, sadəcə onları daha uzaq və abstrakt bir çərçivədə qiymətləndirirlər. Bu da mənfi emosional təsirin azaldılmasına imkan yaradır.
Yanagisava bu araşdırmanın ən maraqlı məqamlarından birinin, "eyni dalğada olmaq” kimi metaforik ifadələrin beyində ölçülə bilən bir qarşılığı ola biləcəyini göstərməsi olduğunu deyir. İnsanların bənzər şəkildə düşündüyü zaman beyinlərində də bənzər neyron nümunələrinin yarandığı müşahidə olunub. Bu, sosial qarşılıqlı əlaqələri yalnız davranış səviyyəsində deyil, neyrobioloji səviyyədə də izah etməyə imkan verir.
Araşdırmanın başqa bir diqqətçəkici tərəfi isə bu bənzərliyin mənbəyidir. Bu düşüncə nümunələri doğuşdanmı gəlir, yoxsa mühit və sosial qarşılıqlı təsirlərləmi formalaşır? Yanagisava bu sualların cavabının, xüsusilə tənha insanlar üçün faydalı nəticələr verə biləcəyinə inanır.
Tədqiqat qrupu bu işin gələcəkdə ictimai uyğunlaşma, tənha insanların dəstəklənməsi, empati və ünsiyyət bacarıqları sahələrində daha dərin araşdırmalara zəmin yarada biləcəyini düşünür.
Aydın
Şərhlər