Xəbər lenti

Tramp: Neft və qazın daha 10 dollar ucuzlaşması Putini dayandıracaq
Dünya 18:20 05.08.2025

Tramp: Neft və qazın daha 10 dollar ucuzlaşması Putini dayandıracaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, enerji resurslarının ucuzlaşması Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu fikirləri o, CNBC telekanalına müsahibəsində səsləndirib.

"Əgər enerji daşıyıcılarının qiyməti kifayət qədər aşağı düşsə, Putin insanları öldürməyi dayandıracaq. Neftin bir barelinin qiyməti daha 10 dollar azalsa, onun başqa çıxış yolu qalmayacaq, çünki Rusiyanın iqtisadiyyatı dəhşətli vəziyyətdədir", deyə ABŞ prezidenti vurğulayıb.

Trampın bu bəyanatlarının fonunda dünya bazarlarında neftin qiymətində eniş müşahidə olunub. Bakı vaxtı ilə saat 17.06-da ABŞ-ın WTI markalı nefti 1 dollar ucuzlaşaraq 65,29 dollar/barel, Avropanın Brent markalı nefti isə 85 sent ucuzlaşaraq 67,91 dollar/barel olub.

Donald Tramp həmçinin, Rusiya prezidenti Vladimir Putinə bir neçə ultimatium verdiyini açıqlayıb. O, əvvəlcə Putinə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün 50 gün vaxt tanımışdı. Lakin iyul ayının sonunda Tramp bəyan edib ki, bu müddət 10 günə endirilib. ABŞ prezidenti əgər bu müddət ərzində müharibə dayandırılmasa, Rusiya neftinin alıcılarına 100%-lik gömrük rüsumu tətbiq ediləcəyini və əlavə sanksiyalarla hədələyəcəyini bildirib.

Qeyd edək ki, Trampın ultimatumu 8 avqustda başa çatır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->