Xəbər lenti

Kainatın sonu gözləniləndən daha tez başlaya bilər
Dünya 22:20 05.08.2025

Kainatın sonu gözləniləndən daha tez başlaya bilər

Yeni və gözlənilməz bir araşdırmaya əsasən, kainatın ömrü əvvəlki təxminlərdən daha qısa ola bilər və onun sonu cəmi 10 milyard ildən sonra başlaya bilər.

Qaynarinfo "Live Science" portalına istinadən xəbər verir ki, bu yalnız mümkün ssenarilərdən biridir və əslində kainatın nə zaman sona çatacağını heç kim dəqiq bilmir. Ümumilikdə, kainatın necə sonlana biləcəyinə dair iki əsas nəzəriyyə mövcuddur:

1. "Böyük donma" nəzəriyyəsi: kainat sonsuzadək genişlənəcək, ulduzlar enerjilərini tükəndirəcək və nəticədə hər şey mütləq sıfıra qədər soyuyacaq.

2. "Böyük sıxılma" nəzəriyyəsi: kainatın genişlənməsi müvəqqəti haldır və müəyyən mərhələdən sonra bu proses əks istiqamətə – sıxılmaya keçəcək, nəticədə "əks Böyük partlayış" baş verəcək.

Alimlər bu iki modeldən hansının daha real olduğunu müəyyənləşdirə bilmirlər. Son müşahidələr kainatın genişlənmə sürətində ciddi qeyri-müəyyənlikləri üzə çıxarıb. Bu problem elmi ədəbiyyatda "kosmoloji böhran" kimi tanınır.

Bu böhranın həll yollarından biri – genişlənmə sürətini hesablamağa kömək edəcək nəzəri "sehirli ədəd” olan kosmoloji sabitin dəqiq dəyərinin tapılmasıdır. Lakin bunun üçün ilk növbədə qaranlıq enerjinin – kainatın genişlənməsinə səbəb olan müəmmalı qüvvə və ya maddənin nə olduğunu anlamaq lazımdır.

Məhz bununla bağlı olaraq arXiv elmi platformasında yeni bir tədqiqat işi dərc edilib. Tədqiqatçılar Qaranlıq Enerji Sorğusu (DES) və Qaranlıq Enerjinin Spektroskopik Aləti (DESI) tərəfindən təqdim edilən son məlumatları analiz ediblər. Bu məlumatlar qaranlıq enerjinin aksionlar adlı hipotetik, ultra yüngül zərrəciklərdən ibarət ola biləcəyini göstərir.

Aksionlar maddə ilə çox az qarşılıqlı təsirə girən nəzəri zərrəciklərdir. Əgər onların mövcudluğu sübut olunarsa, bu, kosmoloji sabitin mənfi dəyərə sahib olduğunu göstərir. Alimlərin fikrincə, bu hal kainatın Böyük sıxılma ilə sonlanacağına işarə edir. Onların hesablamalarına görə, bu proses gözləniləndən daha tez baş verə bilər.

Yeni modelə əsasən, kainatın ümumi ömrü təxminən 33 milyard il olacaq. Hazırda kainatın yaşı 13,8 milyard il olaraq qəbul edildiyindən, demək olar ki, onun ömrünün üçdə biri artıq başa çatıb.

Əgər bu model düzgün olarsa, kainatın genişlənməsi təxminən 10 milyard ildən sonra dayanacaq və daha sonra sürətlə sıxılmağa başlayacaq. Bu sıxılma əvvəlki modellərdən fərqli olaraq daha sürətli baş verəcək. Halbuki əvvəllər hesab edilirdi ki, Böyük sıxılma anına qədər yüz milyard illərlə zaman lazım olacaq.

Bununla belə, qaranlıq enerjinin real təbiəti hələ də naməlum qalır. Odur ki, yeni model hələlik yalnız nəzəri xarakter daşıyır.

Bu, Böyük sıxılmanın düşündüyümüzdən daha tez başlaya biləcəyini irəli sürən ilk tədqiqat deyil. 2022-ci ildə aparılmış bir araşdırmada da kainatın genişlənməsinin cəmi 100 milyon ildən sonra dayanacağı irəli sürülmüşdü.

Əgər isə Böyük donma ssenarisi gerçəkləşərsə – hansı ki, bu variantı Albert Eynşteyn üstün tuturdu – o zaman kainatın sonu çox daha gec baş verəcək.

Son araşdırmalara əsasən, Böyük donma ssenarisinin ən erkən başlaya biləcəyi zaman təqribən 1 kvinvinqviqintilyon il (yəni 1-in ardınca 78 sıfır) sonra olacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->