Xəbər lenti

Putinə 50 gün möhlət: Trampın məqsədi nədir? (ŞƏRH)
Dünya 13:29 15.07.2025

Putinə 50 gün möhlət: Trampın məqsədi nədir? (ŞƏRH)

"Bütün bunların hamısı oyundur. Tramp qətiyyət göstərib müharibəni dayandıra bilmir. Ukraynaya söz verilən yeni silahlar alınana qədər isə Rusiya cəbhədə ciddi nəticələr əldə edə bilər. Bu isə onu deməyə əsas verir ki, Trampın 50 günlük möhləti əslində Rusiyanın əl-qolunu daha da açmağa xidmət edir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov ABŞ prezidenti Donald Trampın 50 gün ərzində razılaşma olunmasa, Ağ Evin Rusiyaya tariflər tətbiq edəcəyi barədə bəyanatının Moskvanın cəbhədə əl-qolunun daha da açılmasına xidmət edib-etməyəcəyi məsələsini şərh edərkən deyib:

Elşad Həsənov bildirib ki, Trampın rusiyalı həmkarı Vladimir Putinlə iyulun 3-də olan telefon danışığından sonra ABŞ prezidenti bu danışıqlardan narazı qaldığını açıq şəkildə bəyan edib:

"Putin müharibənin dayandırılması təşəbbüsünü dəstəkləməyərək, Ukrayna ilə bağlı özlərinin hələ görülməmiş işlərinin olduğunu bildirib. Bundan sonra Tramp Putinə qarşı mövcud fikirlərinin dəyişdiyini bəyan edərək, iyulun 14-də Ukrayna və Rusiya ilə bağlı ciddi bəyanat verəcəyini bildirdi. Hamı gözləyirdi ki, bu bəyanatı ilə o, Rusiyaya qarşı ciddi tədbirlər görəcək və Kiyevi dəstəkləyəcək. Artıq Konqres tərəfindən də Rusiyaya qarşı sanksiyalar hazırlanmışdı". 



Ekspert qeyd edir ki, mövcud vəziyyətdə Trampın Rusiyaya 50 günlük zaman verməsi gözlənilməz oldu:

"Birdən-birə proses dayandırılır. Tramp Moskvaya müharibənin dayandırılması üçün 50 günlük vaxt verir. Trampın bu mövqeyi təbii ki, Avropa ölkələri tərəfindən ciddi tənqid edildi. Putin əvvəlki danışığında bildirmişdi ki, ona mövqeyini daha da gücləndirmək üçün 60 gün vaxt lazımdır. Həmin danışıqdan 10 gün sonra isə Tramp Putinə 50 gün vaxt verdi. Yəni demək olar ki, Putinə onun istədiyi zaman verildi. Həmin müddətdə isə yenə də günahsız insanlar ölməkdə davam edəcək. Avropa İttifaqının Xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas da 50 günlük müddətdə yeni-yeni insan tələfatının olacağını bildirdi".

Politoloq düşünür ki, həmin 50 günlük zaman başa çatanda isə Tramp tamam başqa fikirlərlə gündəmə gələcək:

"Trampın siyasətində bu gün dediyini sabah təkzib etməsi halları geniş yayılıb. Ola bilsin həmin 50 günlük müddət yaxınlaşanda yenidən başqa fikirlər səsləndirsin".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO baş katibi Mark Rutte ilə görüşdə 50 gün ərzində razılaşma əldə olunmasa, Vaşinqtonun Rusiyaya tariflər tətbiq edəcəyini bəyan edib. "Mən Rusiyadan narazıyam. 50 gün ərzində razılaşmasaq, tariflər tətbiq edəcəyik. Ən azı 100%-lik tarif qoyacağıq", deyə Tramp bəyan edib. 

Eyni zamanda, Konqres də Rusiyaya qarşı kəskin sanksiyaları nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlamağı dayandırıb. Halbuki, bir müddət əvvəl Tramp çıxışlarında Rusiyadan narazı qaldığını deyərək, bu ölkəyə münasibətdə ciddi addımlara keçəcəyini bəyan etmişdi. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->