"Ukraynada kadr dəyişiklikləri daha çevik və şəraitə uyğun şəkildə həyata keçirilir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Ukrayna prezidenti Volodimir Zelenskinin ölkədə yeni dəyişikliklərilə bağlı verdiyi anonsu şərh edərkən deyib.
"Məsələn, Ukraynanın əvvəlki ordu komandanının Londona səfir göndərilməsi də sadə kadr dəyişikliyi deyil. London elə bir mərkəzdir ki, məhz onun vasitəsilə ciddi hərbi, ordunun təminatı, əməliyyatların qurulması, kəşfiyyat kimi məsələlər həll olunur", deyə Mehman Əliyev bildirib.
Ekspertin fikrincə, Rüstəm Umerovun Vaşinqtona səfir göndərilməsi də Ağ Evin ciddi şəkildə Ukraynaya yeni hərbi yardımları elan etməsilə bağlıdır:
"Orada mühüm məsələlərdən biri odur ki, silahların alınmasında, təminat məsələsində korrupsiya hallarına yol verilməsin. Ona görə də Umerov Vaşiqntona göndərilir ki, hərbi kordinasiyanı operativ şəkildə həyata keçirmək mümkün olsun. ABŞ Putinə atəşkəsə getməsi üçün 50 gün vaxt verib. Rusiya buna razı olmasa, Kiyevə daha ciddi şəkildə silahlar ötürüləcək".
Həmsöhbətimiz düşünür ki, qarşıdakı 50 gün müddətində sülh əldə edilməyəcək:
"Bu səbəbdən də Ukraynaya ciddi silah, hərbi sursat yardımları olacaq. Ona görə də kordinasiya üçün Umerov ABŞ-a göndərilir".
Denis Şmıqalın müdafiə naziri funksiyasının öhdəsindən gəlib-gəlməyəcəyinə münasibətində isə həmsöhbətimiz qeyd edir ki, müdafiə naziri adətən əməliyyatları quran şəxs deyil:
"Ukraynada bu işi Baş Qərargah rəisi, ordu komandanlığı həyata keçirir. Müdafiə nazirinin vəzifəsi isə ordunun təminatı, təchizatı ilə bağlıdır ki, Şmıqal da baş nazir olarkən bu işin öhdəsindən ümumən gəlməyi bacarıb".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski baş nazirin birinci müavini Yuliya Sviridenkonun hökumətə başçılıq etməsini təklif edib. Mətbuatın yazdığına görə, Ukraynanın hazırkı baş naziri Denis Şmıqal müdafiə naziri, onun sələfi Rüstəm Umerov isə Ukraynanın ABŞ-dakı səfiri olacaq. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.
Rüfət Sultan
Şərhlər