Xəbər lenti

Arzuxan Əlizadə:
Dünya 14:04 15.07.2025

Arzuxan Əlizadə: "Deputat da insandır, əsəbi ola bilər, amma..."

"Vəziyyəti sakitləşdirmək əvəzinə, gərginliyi daha da artırmaq deputatın əsəblərinin yerində olmadığından xəbər verir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Gürcüstan parlamentinin Azərbaycan əsilli deputatı Ceyhun Çovdarovun seçicilərlə görüş zamanı onlara münasibətdə sərgilədiyi aqressiv hərəkəti şərh edərkən deyib.

"Gürcüstanda baş verən insidentlə bağlı məlumatım var. Təbii ki, ictimai yerdə deputat, dövlət qulluqçusu və ya sıravi vətəndaş olmağından asılı olmayaraq, aqressiv hərəkətlərə yol vermək heç kəsə yaraşan iş deyil", deyə Arzuxan Əlizadə bildirib.
 


Həmsöhbətimiz qeyd edib ki, deputat və dövlət qulluqçuları digər vətəndaşlara öz davranışları ilə nümunə olmalıdırlar. Bununla belə, Arzuxan Əlizadə burada insan faktorunun olduğunu nəzərə almağı unutmamağı da tövsiyyə edib:

"Deputat da insandır, əsəbi ola bilər. Ona qarşı təhqiramiz addım atılmasına ani olaraq adekvat reaksiya verməsi də gözləniləndir. Lakin istənilən halda ictimaiyyətin diqqət mərkəzində olan şəxs öz əsəblərini cilovlamağı bacarmalı, insanlarla rəftar etmək, gərginliyi azaltmaq bacarığına malik olmalıdır". 

Arzuxan Əlizadə Çovdarovun hərəkətini qınayıb:

"Deputat Çovdarovun atdığı addım heç bir halda təqdir edilə bilməz. Qınanılası hərəkətdir. Qarşı tərəf etik, insani normaları keçə, təhqirə də yol verə bilər. Deputat və dövlət qulluqçusu isə belə situasiyalarda çalışmalıdır ki, məsələ sakitliklə həll olunsun". 

Qeyd edək ki, Gürcüstanın Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı deputatla seçicilər arasında insident baş verib. Sakinlər kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışaraq, bununla bağlı Gürcüstan parlamentinin deputatı Ceyhun Çovdarov və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıblar. Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri sərt ifadələrlə Ceyhun Çovdarovu təhqir edib. O isə cavab olaraq masadakı çayniki həmin şəxsə atıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->