"Pasxa bayramına görə atəşkəsin əldə ediləcəyi gözlənilən deyil. Bu baş versə belə, ona əməl olunmayacaq”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Natiq Miri ABŞ-ın Rusiya ilə Ukrayna arasında Pasxa bayramına - aprelin 20-nə qədər atəşkəsin əldə olunmasını hədəflədiyi barədə "Bloomberg”in məlumatını şərh edərkən deyib:
"Bununla bağlı konkret cavab vermək mümkün deyil. Çünki qarşımızda Rusiya var. Putin müharibəni maksimum öz şərtləri altında bitirmək istəyir. Onlar Ukraynaya silah tədarükünün tam dayandırılması, bu ölkənin hərbsizləşdirilməsini, həmçinin, Ukrayna ərazilərinin legitim olaraq Rusiya əraziləri kimi tanınmasını da tələb edirlər”.
Politoloq qeyd edir ki, atəşkəsin mexanizmlərini hazırlamaq da asan məsələ deyil:
"İlk razılaşmada olan öhdəliklər də yerinə yetirilmir. Putin enerji və mülki infrastrukturların atəşə tutulmasını dayandırmaq əmrini versə də, ona əməl olunmadı. Ona görə Kiyev də adekvat cavablar verir. Bu gün danışıqlarda toxunulmaz olan konkret obyektlərin adları dəqiqləşdirilir. Habelə, hava və dənizdə atəşkəsin təmini məsələsi ciddi müzakirə predmetidir. Ancaq hələlik onun quruda gedən döyüşlərə də şamil ediləcəyi gözlənilmir. Bu, növbəti mərhələdə baş verə bilər. Yəni prosesin həyata keçirilməsi olduqca çətindir”.
Ekspert Ukraynanın da zəif olmadığı qənaətindədir:
"Kiyev nəinki dirənir, bəzi hallarda əks-hücuma da keçərək, müxtəlif istiqamətlərdə əraziləri azad edir. Paralel olaraq, Ukrayna ordusu Belqorodda daha bir yaşayış məntəqəsini tutub”.
Həmsöhbətimiz düşünür ki, hətta Kiyev Moskvanın tələblərinə razı olsa belə, Avropa İttifaqı buna imkan verməyəcək:
"Rusiyanın iddiaları Avropa İttifaqı tərəfindən də qəbul olunmur. Kiyev razı olsa belə, Avropa ona razı olmayacaq. Çünki Ukrayna Avropa İttifaqının Rusiya qarşısında təhlükəsizlik təminatıdır. Ona görə Avropa Ukraynanı tək buraxmayacaq. Bu səbəbdən Rusiya mövqelərini gücləndirib öz şərtlərini qəbul etdirmək istəsə də, mümkün olmayacaq. ABŞ-da anlayır ki, Ukraynanın güclü mövqelərini tamamilə Rusiyaya təslim etməklə, sülhü davamlı etmək mümkün olmayacaq. Belə olarsa, Tramp Qərb dünyasında və ölkə daxilində etimadını itirəcək. Ona görə aprelin 20-nə kimi atəşkəsin olacağına inanmıram. Hətta razılaşma olsa belə, zaman-zaman yenidən pozulacaq və hərbi toqquşma davam edəcək. Çünki Rusiya ciddi dirəniş görməsə, bərabər səviyyəli sülh danışıqlarına getməyəcək”.
Qeyd edək ki, "Bloomberg” nəşrinin yazdığına görə, ABŞ Rusiya və Ukrayna arasında bir aydan az müddətdə - Pasxa bayramına, aprelin 20-nə qədər atəşkəs əldə etməyi hədəfləyib.
Eyni zamanda, nəşrin mənbələrinin bildirdiyinə görə, iki tərəfin mövqeləri arasında böyük uçurum olduğu üçün son tarixlər dəyişdirilə bilər.
Onu da xatırladaq ki, artıq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya arasında yüksək səviyyəli texniki məsləhətləşmələrə start verilib. Görüşdə əsas diqqətin Qara dənizdə atəşkəs və regional təhlükəsizlik məsələlərinə yönələcəyi bildirilir.
Digər tərəfdən, Ukrayna müdafiə naziri Rustem Umerov "X" platformasında verdiyi açıqlamada Ukrayna-ABŞ nümayəndə heyətlərinin də Ər-Riyadda görüşə başladığını təsdiqləyib. Görüşün əsas gündəmində enerji infrastrukturlarının və kritik obyektlərin müdafiəsi ilə bağlı təkliflər dayanır.
Rüfət Sultan
Şərhlər