Xəbər lenti

Enerji infrastrukturuna hücumlara müvəqqəti moratorium kimə daha çox sərf edir?
Dünya 14:55 26.03.2025

Enerji infrastrukturuna hücumlara müvəqqəti moratorium kimə daha çox sərf edir?

"Sözügedən razılaşma hər iki tərəfə sərf edir, amma kritik olaraq Ukrayna üçün daha sərfəlidir. Deməli, razılaşma daha çox Kiyevin maraqlarına cavab verir”. 

Qaynarinfo-ya açıqlamasında bunu REAL Partiyasının sədri Natiq Cəfərli Vaşinqtonla Moskva arasında Əl-Riyad danışıqları fonunda enerji infrastrukturuna hücumlara müvəqqəti moratorium tətbiq edilən Rusiya və Ukrayna obyektlərinin razılaşdırılmış siyahısının tərəflərdən kimə daha çox sərf etdiyini şərh edərkən deyib: 

"Hər şey anlaşmanın necə yerinə yetirilməsi və tərəflərin doğrudan da razılaşma ilə bağlı hansı addımlar atmalarından asılı olacaq. Belə bir razılaşma deyərdim ki, hər iki tərəf üçün eyni dərəcədə sərfəlidir. Ukraynanın enerji generasiyasının 40 faizi tamamilə sıradan çıxıb. Hətta zaman-zaman Kiyevin özündə belə gündə 4-5 saat ərzində işıqlar kəsilir”. 
 


Ona görə də elektrik enerjisi, dəmir yolu, liman infrastrukturlarına zərbələrin endirilməsinin dayandırılması, ekspertin fikrincə, birinci növbədə Ukrayna üçün daha çox vacibdir:

"Təbii ki, həmin razılaşma Rusiyaya da sərf edir. Son aylar Kiyevin müharibə etdiyi ölkə ərazisindəki neftayırma zavodlarına dron hücumları nəticəsində Rusiyaya milyardlarla dollar ziyan dəyib. Amma məsələ ondadır ki, Rusiyanın infrastruktur şəbəkəsi daha genişdir. Onun cəbhə xəttindən 1500-2000 km. aralıda da neftayırma zavodları var. Yəni belədə Rusiya birtəhər işin içindən çıxa bilirdi. Amma Ukraynada vəziyyət daha çətin idi. Elektrik enerjisi, liman infrastrukturu Ukrayna üçün daha vacibdir. Ona görə də belə baxanda sözügedən razılaşma hər iki tərəfə sərf edir, amma kritik olaraq Ukrayna üçün daha sərfəlidir”.  

Qeyd edək ki, Kreml ABŞ-la Əl-Riyad danışıqları fonunda enerji infrastrukturuna hücumlara müvəqqəti moratorium tətbiq edilən Rusiya və Ukrayna obyektlərinin razılaşdırılmış siyahısını dərc edib. Buraya neft emalı zavodları, boru kəmərləri, neft anbarları, nasos stansiyaları, o cümlədən elektrik stansiyaları, yarımstansiyalar, transformatorlar, paylayıcılar, atom elektrik stansiyaları və su elektrik bəndləri daxil olmaqla enerji istehsalı və ötürülməsi obyektləri daxildir.

Kremlin məlumatına görə, moratorium martın 18-dən başlayaraq, 30 gün ərzində fəaliyyətdə olacaq və sonradan tərəflərin razılığı ilə yenidən uzadıla bilər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->