Baltik dənizində yerləşən Merket adası dünyanın ən kiçik "bölünmüş adası" hesab olunur. Cəmi 0,03 kvadrat kilometr əraziyə malik bu kiçik torpaq sahəsi əsrlərdir həm İsveç, həm də Finlandiyaya məxsusdur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Adanın sərhədi birbaşa xətt üzrə deyil, dolaşıq şəkildə müəyyən edilib. İlk dəfə 1809-cu ildə imzalanmış Fredrikşamn müqaviləsinə əsasən sərhəd düz xəttlə çəkilmişdi. Lakin 1885-ci ildə adada rusların (o dövrdə Finlandiyaya nəzarət edirdilər) inşa etdiyi mayak bu bölgünü dəyişib. Mayak sərhəddən kənarda yerləşdiyi üçün məsələ uzun müddət müzakirə olunmayıb və yalnız 1981-ci ildə sərhəd yenidən tənzimlənib.
İsveç və Finlandiya sərhədi elə qaydada yenidən bölüşdürüblər ki, mayak Finlandiya tərəfində qalıb, amma hər iki ölkənin payı ədalətli şəkildə saxlanılıb. Bu sərhəd hər 25 ildən bir nəzərdən keçirilir və gələcəkdə yenidən dəyişdirilə bilər.
Sonuncu dəfə 2006-cı ildə aparılan geodeziya işləri nəticəsində ada üzərində 11 sərhəd nişanı yerləşdirilib. Onlar qayalı səthdə qazılmış deşiklər şəklindədir və 2007-ci ildə ağ rəngə boyanıb. Adada sərhədi keçmək üçün heç bir nəzarət tədbiri tətbiq edilmir.
Merket adasına yalnız yaxşı hava şəraitində, Finlandiyanın Kəringsund limanından qayıqla getmək mümkündür. Yol təxminən 1 saat 20 dəqiqə çəkir. Adanın əsas görməli yeri isə artıq istifadədə olmayan, lakin vaxtilə gəmilər üçün mühüm oriyentir rolunu oynamış mayakdır.
Maraqlı məqamlardan biri də odur ki, ada texniki olaraq iki vaxt qurşağında yerləşir: Finlandiya (GMT+3) və İsveç (GMT+2). Bundan əlavə, adanın İsveçə aid hissəsi Uppsala və Stokholm lenlərinə, Finlandiyaya aid hissəsi isə Hammarland kommunasına daxildir.
Aydın
Şərhlər