Avropa Komissiyasının "dron divarı" adlanan təşəbbüsü – Aİ-nin şərq cinahını qorumaq üçün radarlar və dron əleyhinə sistemlərdən ibarət şəbəkənin yaradılması – siyasi dəstək qazansa da, layihənin məqsədəuyğunluğu, dəyəri və adının özü ilə bağlı tənqidlərə tuş gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico”
yazır.
Avrokomissiyanın prezidenti Ursula fon der Lyayen planı artan təhlükəyə cavab olaraq təqdim edib: Rusiya pilotsuz aparatları artıq Polşa və Rumıniyanın sərhədlərini keçir, Danimarka, Norveç və Almaniya üzərində isə şübhəli dronlar müşahidə olunur. Komissiya radarlar və raket əleyhinə sistemlərdən ibarət "qalxan" qurmağı təklif edir.
Baltik ölkələri və Polşa təşəbbüsü zəruri addım kimi alqışlasa da, Rusiyadan uzaqda yerləşən dövlətlər onun məqsədəuyğunluğunu və maliyyə məntiqini şübhə altına alır. Fransa prezidenti Emmanuel Makron isə xəbərdarlıq edib ki, "Avropa üçün ideal divar mövcud deyil", çünki söhbət təxminən 3 000 kilometrlik sərhəddən gedir.
Digər tərəfdən, Litvanın sabiq baş naziri, müdafiə üzrə komissar Andryus Kubilyus ilkin planı təxminən 1 milyard avro həcmində dəyərləndirərək bildirib ki, aşkarlama imkanlarını bir ildən az müddətdə yaratmaq olar. O, həmçinin "divar" terminini çaşdırıcı hesab edir.
Bəzi ölkələr layihənin Brüsseldə müdafiə qərarlarının mərkəzləşdirilməsinə alət ola biləcəyindən ehtiyatlanır. İtaliya və Yunanıstan Avropa vəsaitlərinin yalnız şərq cinahına deyil, bütün blok üçün fayda gətirməsini tələb edib. Finlandiya baş naziri Petteri Orpo isə Rusiya və Ukrayna ilə sərhəddə yerləşən dövlətlərlə "həmrəyliyin" vacibliyini vurğulayıb.
Diplomatların məlumatına görə, Almaniya kansleri Fridrix Mers planı çox sərt şəkildə tənqid edib, bu da Kopenhagendə liderlər arasında mövcud fikir ayrılıqlarını önə çıxarıb.
Ekspertlər bildirirlər ki, dronlarla mübarizə vacibdir, lakin çıxış yolu deyil. Avropa Parlamentinin deputatı Anna Noymann deyib: "Dron divarı bizi kibertəhlükələrdən qorumayacaq" və nə HHM problemlərini, nə sursat istehsalını, nə də qərarvermə strukturlarını həll edəcək.
Analitik Kristian Melling isə əlavə edib: "Dronlar sadəcə barmaqlardır; qalib gəlmək istəyirsinizsə, başa – yəni komandanlığa, logistika və istehsal gücünə zərbə vurmalısınız".
Mübahisələrə baxmayaraq, Aİ liderləri Kopenhagendə Komissiyanın dronlara qarşı imkanların gücləndirilməsi təkliflərini qəbul ediblər – bu isə layihənin müəyyən formada həyata keçiriləcəyini göstərir. Lakin vaxt, maliyyələşmə və texniki imkanlarla bağlı detallar hələ də qeyri-müəyyəndir və "dron divarı" brendi artıq şübhə altındadır.
Danimarka baş naziri Mette Frederiksen təşəbbüsü daha çox "Avropanın dronlara qarşı tədbirlər şəbəkəsi" adlandıraraq əlavə edib: "Mənim üçün ad önəmli deyil, əsas odur ki, işləsin".
Xəbər verildiyi kimi, Aİ son vaxtlar mütəmadi olaraq Rusiyanın hava məkanını pozan dronlardan qorunmaq üçün möhkəm qalxan qurmaq niyyətindədir. Söhbət detektorlar, siqnal boğucular və çoxpilləli hərbi texnologiyalardan ibarət şəbəkədən gedir.
Ukrayna prezidenti Vladimir Zelenski isə əmindir ki, müharibədə Ukraynanın qazandığı təcrübə ölkəni Rusiyanın pilotsuz aparatlarına qarşı mübarizədə Avropanın "dron divarı" təşəbbüsünün aparıcı qüvvəsinə çevirəcək.
Alpər
Şərhlər