Xəbər lenti

Çexiya parlament seçkiləri: Ölkə Rusiyanın əlinə keçməklə üz-üzə...
Dünya 11:53 03.10.2025

Çexiya parlament seçkiləri: Ölkə Rusiyanın əlinə keçməklə üz-üzə...

3–4 oktyabrda Çexiyada parlament seçkiləri keçirilir. Bu seçkilər həm ölkənin gələcəyi, həm də Ukraynaya dəstək məsələsində Praqanın mövqeyi baxımından həlledici ola bilər. Sorğular göstərir ki, qalib gələcək əsas qüvvə milyarder, avroskeptik və sabiq baş nazir Andrey Babişin rəhbərlik etdiyi ANO partiyasıdır. Onun hökumət qurmağa nail olması halında Çexiya, Ukraynanın fəal tərəfdarı statusundan imtina edib siyasətdə Macarıstan və Slovakiyaya yaxın mövqeyə keçə bilər.

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir.

Seçkilərdə seçicilər parlamentin aşağı palatası — 200 yerlik Deputatlar Palatasını dörd il müddətinə formalaşdıracaq. Partiyaların parlamentə düşməsi üçün minimum 5% səs toplaması tələb olunur.

Hazırda hakimiyyətdə prezident Petr Pavel və baş nazir Petr Fiala rəhbərliyindəki proavropa qüvvələri dayanır. Lakin Babişin reytinqi 30%-ə çatır və o, əsas rəqibi olan sağ-mərkəzçi Spolu blokunu (təxminən 20%) xeyli qabaqlayır. Babiş — keçmiş kommunist, $4 milyarddan artıq sərvətə malik biznesmen, 2017–2021-ci illərdə ölkəyə rəhbərlik edərkən dəfələrlə prorus mövqeyi ilə seçilib.

Bu ilki kampaniyada o, bahalıq, enerji qiymətləri, Çexiyanın Aİ və NATO ilə münasibətləri və Ukraynaya dəstək mövzularında populist bəyanatlarla çıxış edərək səs qazanıb. O, Ukraynaya sursat tədarükü təşəbbüsünün ləğvini, qaçqınlara yardımların azaldılmasını, hətta çex ailələrinin hesabına ukraynalı qadınlara imtiyaz verildiyini iddia edib.

Bununla belə, 30%-lik nəticə ANO-ya parlament çoxluğunu təmin etmir: partiya 66–75 mandat qazana bilər, halbuki hökumət formalaşdırmaq üçün 101 yer tələb olunur. Ona görə də Babişin radikal və marginallaşmış partiyalarla ittifaqa getməsi ehtimal olunur. Ən real tərəfdaş — 13%-ə yaxın reytinqi olan ifrat sağçı SPD (Azadlıq və Birbaşa Demokratiya) partiyasıdır. Onun lideri Tomio Okamura artıq bəyan edib ki, hökumətə daxil olmaq üçün şərtlərindən biri Çexiyada yaşayan bütün ukraynalıların yaşama icazələrinin yenidən nəzərdən keçirilməsi olacaq. SPD həmçinin Aİ və NATO-dan çıxış üçün referendum tələb edir.

Prezident Petr Pavel isə bildirib ki, hökumət formalaşdırmaq üçün namizədlərin Aİ və NATO-ya münasibəti əsas meyar olacaq: "Kim Çexiyanın NATO və ya Aİ-dən çıxışını tələb edirsə, ölkəyə zərər vurur. Mən yeni hökuməti formalaşdırarkən bunu nəzərə alacağam”.

Analitiklərin fikrincə, Babiş hökumət qurarsa, Çexiyanın kursu sərt dəyişəcək: Aİ ilə iqlim və miqrasiya mövzularında daha çox mübahisələr, Ukraynaya dəstəyin azalması və səsvermələrdə Macarıstanın Viktor Orbanı və Slovakiyanın Robert Fikosu ilə yaxınlaşma gözlənilir.

Çexiya indiyədək 380 minə yaxın ukraynalı qaçqın qəbul edib — bu göstərici ilə Avropa İttifaqında Almaniya və Polşadan sonra üçüncü yerdədir. Bu mövzu Babiş və digər avroskeptiklərin manipulyasiya hədəfinə çevrilib, xüsusən də hökumətin büdcə kəsirini azaltmaq üçün pensiyaların illik indeksasiyasını məhdudlaşdırmasından sonra.

Məlumatlara görə, Rusiyanın dəstəyi ilə Çexiya sosial şəbəkələrində, xüsusilə TikTok-da genişmiqyaslı dezinformasiya kampaniyası aparılıb. Araşdırmalar 300-ə yaxın anonim hesabın milyonlarla izləyici toplayaraq prorus narrativləri yaydığını və radikal partiyalara dəstək üçün alqoritmləri manipulyasiya etdiyini göstərib. Bu hesabların ümumi həftəlik əhatə dairəsi 5–9 milyon baxış təşkil edir ki, bu da əsas çex partiya liderlərinin rəsmi hesablarının ümumi göstəricisindən artıqdır.

Çexiya XİN rəhbəri Yan Lipavski xəbərdarlıq edib: "Bu seçkilər ölkənin gələcək inkişaf vektorunu müəyyənləşdirəcək. İlk dəfədir ki, hakimiyyətə açıq şəkildə Putinin Rusiyası ilə əməkdaşlıq edən qüvvələr gələ bilər”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->